Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Bu barədə Yerevanın Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

Dostuna verilən yeni vəsiqənin fotosunu “Facebook”da paylaşan Karapetyan yazıb:

“Azərbaycan SSR yox, Azərbaycan. Dostum indi deyir ki, nəhayət, arzuladığı vətəndaşlığı alıb, artıq o da Azərbaycandandır. Bu nə deməkdir?”.
Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan belə açıqlama verib:

“Vətəndaş Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə də keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır. Yəni Gürcüstan SSRİ deyil, Gürcüstan. Bu, çoxdankı təcrübədir”.

Qeyd edək ki, Karapetyan daha sonra dostunun doğum yeri kimi “Azərbaycan” göstərildiyi Rusiya pasportunun fotosunu da paylaşıb.

İstinadlar Qafqazinfo