Avropanın bir neçə hava limanı qar fırtınası ilə əlaqədar reysləri ya ertələyib, ya da gecikdirib. Təbiət hadisəsi həmçinin Almaniya, Avstriya, İsveçrə və Çexiyada ictimai nəqliyyatın işində əngəllər yaradıb.

Bu barədə “Associated Press” bildirib.

Münxen, aeroportu əvvəlcə təyyarələrin şənbə günü günortaya qədər uçmayacağını planlaşdırdığı halda, bazar günü səhər saat 6:00-dək bütün reysləri təxirə saldığını açıqlayıb. Sürix hava limanı da daxil olmaqla, bölgənin digər hava limanlarında da uçuşların ertələnmə və ya gecikmələri barədə məlumat verilib.

Ən çətin vəziyyət Münxendədir: burada qatarlar və tramvaylar işləmir, metro və şəhərətrafı qatarlar fasilələrlə işləyir. Bavariyada yıxılan ağaclar “minlərlə” insanı işıqsız qoyub. Bundan öncə həmçinin şənbə günü Münxendə “Bavariya” və “Union” komandaları arasında keçirilməsi planlaşdırılan futbol matçının təxirə salındığı bildirilib.

Qonşu İsveçrə və Avstriyada rəsmilər güclü qar yağması səbəbindən yüksək uçqun riski barədə xəbərdarlıq edir. Həmçinin Avstriyanın “OeBB” dəmir yolu şirkəti şənbə günü günortadan sonra bildirib ki, fırtına səbəbindən ölkə daxilində dəmiryollarının bir neçə hissəsi bağlanıb.

İstinadlar Report