Qanunsuz tütün ticarəti dünyada ciddi sosial-iqtisadi itkiyə səbəb olan mürəkkəb və geniş yayılmış problemdir. Bu ticarət dövlətlərin vergi gəlirlərini azaldır, əhalinin sağlamlığına təhlükə yaradır, hətta bəzi ölkələrdə mütəşəkkil cinayətkar qrupların maliyyələşdirilməsinə yönəldilir. Qeyd etdiyimiz problem xüsusilə tütün vergilərinin yüksək və iqtisadi balansın zəif olduğu ölkələrdə özünü daha qabarıq göstərir. Bir sıra ölkələr, xüsusilə də Kanada, Fransa, Filippin və Böyük Britaniyada qanunsuz tütün ticarəti bazarı daha geniş yayılıb. Ölkələr üzləşdiyi bu problemlərə qarşı mütəmadi tədbirlər görür. Qanunsuz tütün ticarəti nəinki yayıldığı ölkələrdə, eyni zamanda qlobal olaraq mənfi təsirlər göstərir. Bununla mübarizədə isə daxili tədbirlərlə yanaşı beynəlxalq əməkdaşlıqlar da mühüm rol oynayır.

“Report” bu yazıda qanunsuz tütün ticarətinin ən çox yayıldığı ölkələr və həmin ölkələrdə bu istiqamətdə görülən tədbirlərə, Azərbaycanda qanunsuz siqaret dövriyyəsi ilə bağlı vəziyyətə toxunur.

Qanunsuz tütün dövriyyəsi Kanada iqtisadiyyatına milyardlarla dollar zərər vurur

Kanadanın inkişaf etmiş iqtisadiyyatına və güclü səhiyyə siyasətinə baxmayaraq, qanunsuz tütün ticarəti ilə bağlı ciddi problemləri var. Qanunsuz tütün məmulatlarının tətbiqi Kanada iqtisadiyyatına hər il milyardlarla dollara başa gəlir və əhalinin sağlamlığına mənfi təsir göstərir. Kanadanın tütün qaçaqmalçılığına qarşı mübarizə aparan qurumları var. Lakin bu tədbirlərə baxmayaraq, qeyri-qanuni ticarətin qarşısının alınması əsas problem olaraq qalır.

Kanadanın üç əyalətində (Britaniya Kolumbiyası, Ontario və Nyufaundlend) qanuni tütün bazarı 2019-cu ildən bəri davamlı təzyiq altındadır və bu ildən etibarən satışlar mütəmadi azalmaya doğru gedir. Qanuni tütün satışı Britaniya Kolumbiyasında 33 %, Ontarioda 20 % və Nyufaundlenddə demək olar ki, 50 % azalıb. 2023-cü ildə tütün satışından vergi gəlirləri təqribən 1,52 milyard ABŞ dolları təşkil edib ki, bu rəqəm həmin il üçün nəzərdə tutulan 1,8 milyard ABŞ dollardan xeyli aşağıdır. Bu azalmanın səbəbi isə qaçaqmalçılıq məhsullarının artması ilə əlaqələndirilir. Beynəlxalq audit şirkəti olan “Ernst & Young” tərəfindən 2023-cü ildə aparılan araşdırmaya görə, qaçaqmalçılıq ticarəti tütün bazarının demək olar ki, üçdə birini (32,1 %) təşkil edir və Nyufaundlend kimi bəzi yerlərdə bu rəqəm 45 %-ə yaxındır.

Kanada hökuməti qanunsuz tütün ticarəti ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar həyata keçirir. Xüsusilə, tütün məmulatlarının izlənməsini artırmaq üçün rəqəmsal vergi möhürləri və digər izləmə sistemləri tətbiq edilib. Bundan əlavə, sərhəd nəzarəti və gömrük yoxlamaları gücləndirilib, qeyri-qanuni tütün məmulatlarının bazara çıxarılmasının qarşısını almaq üçün yeni texnologiyalar hazırlanıb. Kanadada qanunsuz tütün ticarətinin iqtisadi təsirlərini anlamaq üçün bəzi statistik məlumatlara baxaq. Məsələn, qeyri-qanuni tütün ticarətinin Kanada iqtisadiyyatına hər il 1,4-2,1 milyard ABŞ dolları (zərər vurduğu təxmin edilir. Həmçinin bildirilir ki, hökumət bu problemlə mübarizə üçün hər il təxminən 73 milyon ABŞ dolları xərcləyir.

Yüksək vergilər Fransada qanunsuz tütün ticarətini inkişaf etdirir

Fransa yüksək tütün vergilərinə görə bu sahədə qeyri-qanuni ticarətin sıx olduğu ölkələrdəndir. Qanunsuz tütün bazarı aşağı gəlirli əhali üçün cəlbedicidir ki, bu da, həmin bazarın böyüməsinə səbəb olur. Fransa hökuməti bununla bağlı geniş tədbirlər planı hazırlayıb. Bu plana sərhəd nəzarətinin artırılması, tütün qaçaqmalçılığına görə cəzaların sərtləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi daxildir. Bundan əlavə, qeyri-qanuni tütün istehlakını azaltmaq məqsədilə ictimai maarifləndirmə kampaniyaları həyata keçirilir.

Fransa siqaret çəkən şəxslərə görə Avropada əsas yerlərdən birini tutur. Ölkədə siqaretlərin üçdə biri qeyri-qanuni mənbələrdən əldə edilir. Bu, həmçinin Avropada satılan saxta və qaçaqmal məhsulların təxminən 61 %-ni təşkil edir. Fransada əhalinin təxminən 25 %-i siqaret çəkir və bu nisbət 2005-ci ildən bəri demək olar ki, dəyişməz qalıb. Lakin pərakəndə satış qiymətləri kəskin şəkildə artır və 2003-cü ildə 5 avro olan qiymət 2023-cü ildə 11 avroya çatıb. Fransada 23 min tütün alverçisi var. Hökumətdən qeyri-qanuni ticarətlə mübarizə aparması və qanuni tütün satışına qoyulan məhdudiyyətlərin azaldılması tələb edilir. Fransada siqaretə tətbiq olunan aksiz rüsumu pərakəndə satış qiymətinin 84 %-ni təşkil edir və Avropa İttifaqının orta göstəricisinin iki qatıdır. Qiymətlərin bu cür artımı insanları daha ucuz, qeyri-qanuni tütün məhsullarına sövq edir.

Fransada qanunsuz tütün ticarətinin iqtisadi təsirlərini böyük itkilərlə müşahidə edilir. Qeyri-qanuni tütün ticarətinin Fransa iqtisadiyyatına hər il 3-4 milyard avro ziyan vurduğu proqnozlaşdırılır. Həmçinin bildirilir ki, hökumət bu problemlə mübarizə üçün hər il təxminən 150 milyon avro xərcləyir. Bu məlumatlar Fransada qeyri-qanuni tütün ticarətinin və bu problemin həllinə sərf olunan xərclərin miqyasını göstərir.

Qaçaqmalçılıq fəaliyyəti Filippini qanunsuz tütün ticarətinin mərkəzinə çevirib

Filippin iqtisadiyyatı 2022-ci ildə 7,6 % artımla inkişaf dövrü yaşayır. Burada tütün iqtisadiyyatın mühüm hissəsidir və 2021-ci ildə dövlət xəzinəsinə təxminən 2,5 milyard ABŞ dolları töhfə verib. Qeyd edilən rəqəm bu sektorun Böyük Britaniya ilə müqayisədə altı dəfə daha dəyərli olduğunu göstərir. Ölkədə tütün sektorunda 2 milyon insan çalışır.

Filippin ucuz tütün istehsalı və geniş yayılmış qaçaqmalçılıq fəaliyyəti ilə qeyri-qanuni tütün ticarətinin mərkəzinə çevrilib. Ölkədə yerli tütün istehsalı ilə yanaşı, qonşu ölkələrdən qaçaqmalçılıqla gətirilən tütün məmulatları da bazara çıxarılır. Filippin hökuməti qeyri-qanuni tütün ticarətinin qarşısını almaq üçün vergi islahatları və tənzimləyici tədbirlər həyata keçirir. Xüsusilə tütün vergilərinin artırılması və qaçaqmalçılıqla mübarizə qruplarının gücləndirilməsi mühüm addımlar sırasındadır. Bundan əlavə, transsərhəd qaçaqmalçılığının qarşısının alınması məqsədi beynəlxalq əməkdaşlıq gücləndirilir.

Hazırda Filippində tütün satışları azalır. 2022-ci ildə 48 milyard ədəd siqaret satılıb ki, bu da əvvəlki illə müqayisədə 6 % azdır. Daim artan vergilər ilə qanuni satışların qarşıdakı ildə 4 % azalacağı gözlənilir. 2013-cü ildə qəbul edilmiş qanunvericilik nəticəsində tütün satışından əldə edilən gəlirlər birbaşa səhiyyənin maliyyələşdirilməsinə yönəldilib. Bir sıra müstəqil araşdırmalar göstərdi ki, bu qanunlar qeyri-qanuni tütünə tələbatı artırır və hökumətin gəlir itkisinə səbəb olur.

Filippində qanunsuz tütün ticarətinin iqtisadi təsirlərini bəzi statistik rəqəmlərə baxaraq təxmin etmək olar. Belə ki, qeyri-qanuni tütün ticarətinin Filippin iqtisadiyyatına illik 1-2 milyard ABŞ dolları dəyərində ziyan vurduğu proqnozlaşdırılır. Həmçinin bildirilir ki, hökumət bu problemlə mübarizəyə hər il təxminən 50 milyon ABŞ dolları xərcləyir. Bu məlumatlar Filippində qeyri-qanuni tütün ticarətinin və bu problemin həlli üçün çəkilən xərclərin miqyasını göstərir.

Filippində hökumətin reklam və təşviqat məhdudiyyətləri də qanuni tütün satışını azaldır. Pandemiyadan sonra istehlakçılarda qeyri-qanuni tütün alışına istək daha da artıb. Bu gün qeyri-qanuni tütün bazarın təxminən 16 %-ni təşkil edir.

Filippin hökumətinin hesablamalarına görə, hazırda qeyri-qanuni tütün qaçaqmalçılığı səbəbindən təxminən 1-1,3 milyard ABŞ dolları gəlir itirilir və bəzi hesablamalar bu rəqəmin artıq 1,7 milyard peso həddini keçdiyini göstərir.

Sərt qaydalar Böyük Britaniyada qanunsuz tütün ticarətini artırır

Böyük tütün vergiləri və sərt qaydalar səbəbindən qeyri-qanuni tütün ticarətinin geniş yayıldığı başqa bir ölkə Böyük Britaniyadır. Qanunsuz tütün məmulatları, xüsusilə aztəminatlı qruplar arasında üstünlük təşkil edir ki, bu da həmin ticarətin artmasına səbəb olur. Böyük Britaniya hökuməti qeyri-qanuni tütün ticarətinin qarşısını almaq üçün geniş siyasət həyata keçirir. Bu siyasətlərə tütün məmulatlarının izlənməsinin artırılması, sərhəd nəzarətinin gücləndirilməsi, ictimai maarifləndirmə kampaniyaları və qeyri-qanuni tütün satışına görə cəzaların sərtləşdirilməsi daxildir.

Davamlı olaraq artan aksiz vergiləri qiymətləri yüksəltdiyi və istehlakı azaltdığı üçün İngiltərədə qanuni satışlar azalmağa davam edir. Bir qutu siqaretin pərakəndə satış qiymətinin təxminən 80 %-ni vergilər təşkil edir. Bu da keçən il hökumətə 1 milyard funt sterlinq qazandırıb və ümumi vergi gəlirlərinin 1 %-nə bərabərdir. “Action on Smoking and Health” tərəfindən aparılan araşdırmalara görə, Böyük Britaniyada qeyri-qanuni tütün ticarəti ümumi tütün ticarətinin təxminən 14 %-ni təşkil edir.

Böyük Britaniyada qeyri-qanuni tütün ticarətinin hər il iqtisadiyyata 2-3 milyard funt sterlinq ziyan vurduğu təxmin edilir. Bildirilir ki, hökumət bu problemlə mübarizə üçün hər il təxminən 200 milyon funt sterlinq xərcləyir.

Azərbaycan qanunsuz siqaret dövriyyəsi səviyyəsinin aşağı olması ilə əksər Avropa ölkələrindən öndədir

Azərbaycanda qanunsuz siqaret dövriyyəsi tütün bazarının heç 10 %-ni əhatə etmir və bu rəqəm Avropa ölkələri ilə müqayisədə çox aşağıdır. Hökumət əhalinin sağlamlığını nəzərə alaraq, tütün məhsullarından istifadənin azaldılmasını təşviq etmək üçün aksiz vergisini artırır. Lakin işbazlar siqaretin bahalaşmasını fürsətə çevirir, nəticədə qanunsuz siqaret bazarı inkişaf edir, siqaret istifadəçilərinin sayının azalması məqsədinə çatmaq mümlün olmur. Alıcılıq qabiliyyəti aşağı olan əhali qanunsuz gətirilən siqaretin alışına üstünlük verir. Nəzərə alsaq ki, ölkəyə qanunsuz gətirilən siqaretlərə təhlükəsizlik sertifikatı verilmir və yoxlanışdan keçmir, onlar insanların sağlamlığına daha çox zərər verir.

Qeyd edək ki, ötən il inflyasiya səbəbindən aksiz vergisində artım olmayıb. Vergi dərəcələrinin artımı 2022-ci ildən sonra bu ilin əvvəlində baş tutub. Belə ki, 2022-ci il yanvarın 1-dən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 3,5 manat artaraq 38,5 manata qaldırılıb. 2024-cü ilin yanvarın 1-dən isə hər min ədəd üçün 7 manat artaraq 45,5 manat olub.

Qeyri-qanuni şəkildə ölkəyə gətirilən siqaretlər əsasən, Mingəçevir, Xırdalan və Sumqayıtda satılır. Regionlara nisbətən Bakıda alıcılıq qabiliyyəti daha yüksək olduğundan premium siqaretlərə üstünlük verilir. Mənşəyi məlum olmayan siqaretlər Azərbaycana əsasən, Dubaydan gətirilir. Burdakı azad iqtisadi zonalarda istehsal olunan siqaretlər Orta Asiya və Yaxın Şərq ölkələri üçün nəzərdə tutulub, həmçinin Azərbaycana da ixrac olunur.

Qanunsuz tütün ticarətinin qlobal təsirləri və beynəlxalq əməkdaşlıq

Qeyri-qanuni tütün ticarəti bütün dünyada hökumətlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi problem kimi tanınır. Bu ticarət təkcə iqtisadi itkilərə deyil, həm də insanların sağlamlığına təhlükə yaradır. Tütün məmulatlarının qanunsuz əldə edilməsi keyfiyyətə nəzarət və sağlamlıq standartlarının pozulması ilə nəticələnir ki, bu da istehlakçılar üçün ciddi sağlamlıq riskləri yaradır.

İstinadlar Report