Fransada ömürlük həbs cəzasına məhkum edilən kriminal avtoritet Kaxa Şuşanaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilini məhkəməyə verib.

“Kaxa Rustavskiy” adı ilə tanınan qanuni oğru ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edir.

“O məhkəməyə müraciət edib. Biz məhkəmə vasitəsilə Prezident tərəfindən imzalanan sərəncamı ləğv etmək istəyirik”, – deyə kriminal avtoritetin qızı Tatiya Şuşanaşvili telekanalın efirində deyib.

Tbilisi Şəhər Məhkəməsi Şuşanaşvilinin iddiasını artıq icraata qəbul edib.

Gürcüstan Prezidentinin qanuni oğrunun ölkə vətəndaşlığına xitam verilməsi haqqında sərəncamı Ədliyyə Nazirliyinin Şuşanaşvilinin 2015-ci ildə Rusiya vətəndaşlığı alması ilə bağlı gəldiyi qənaətə əsaslanıb. Vəkil isə bu sənədin həqiqi olmadığını iddia edir, çünki Şuşanaşvili həmin vaxt artıq Marsel həbsxanasında cəza çəkirdi.

T. Şuşanaşvilinin sözlərinə görə, atası artıq 12 ildir ki, Marsel həbsxanasında saxlanılır. Fransa məhkəməsi onu 2010-cu ildə qanuni oğru Vladimir Canaşiyanın sifarişli qətlində təqsirli bilib.