Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arası Avropa çempionatı başa çatıb.

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları turniri qələbə ilə başa vurublar.

Kişilərdən ibarət milli sonuncu – IX turda Sloveniyanı 3:1 hesabı ilə məğlub edib. Bununla da xal hesabını 11-ə çatdıran yığma Avropa çempionatını 6-cı yerdə başa vurub.

2017-ci ildə qazandığı çempionluğu əldən verən şahmatçılarımız titul Rusiyaya təhvil veriblər. Şimallılar 15 xalla 1-ci, Ukrayna 14 xalla 2-ci, İngiltərə eyni göstərici ilə 3-cü olub.

Qadın şahmatçılarımız isə Avropa çempionatını sensasiyalı uğurla yekunlaşdırıb. Son turda Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edən komandamız aktivini 14 xala çatdırıb. Yalnız Rusiya (16 xal) və Gürcüstandan (15 xal) geri qalan milli Avropa çempionatında bürünc mükafata yiyələnib.

Bu, xanım şahmatçılarımızın Avropa çempionatları tarixində ikinci medalıdır. İlk belə uğur 27 il öncə – 1992-ci ildə qeydə alınıb. Macarıstanın Debretsen şəhərində də millimiz 3-cü olmuşdu.

Oxumağa dəyər:   "Xiaomi" televizorları zəlzələlər barədə xəbərdar edəcək

Avropa çempionatı
IX tur
Kişilər
Sloveniya – Azərbaycan – 1:3
Luka Leniç – Arkadi Naydiç – 0,5:0,5
Matey Sebenik – Rauf Məmmədov – 0:1
Yure Skoberne – Qədir Hüseynov – 0:1
Yan Sudel – Eltac Səfərli – 0,5:0,5

Qadınlar
Azərbaycan – Ermənistan – 2,5:1,5
Günay Məmmədzadə – Lilit Mkrtçyan – 1:0
Xanım Balacayeva – Elina Danielyan – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Mariya Qevorqyan – 0,5:0,5
Gülnar Məmmədova – Anna Sarkisyan – 0,5:0,5

İstinadlar Apa