Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışığı baş tutub.

Onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə prezident ofisinin yaydığı açıqlamada deyilir ki, görüşdə Türkiyə-Rusiya əlaqələri, Suriyadakı son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib.

Görüş zamanı Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edərkən, digər tərəfdən Suriyada ədalətli və qalıcı həll üçün səy göstərdiyini, bölgədə diplomatiya üçün daha çox imkan açılmasının vacib olduğunu bildirib. Bu prosesin irəli getməsi üçün Suriya rejiminin siyasi həll prosesinə daxil olmasının vacib olduğunu qeyd edib.

Suriyadakı son hadisələr kontekstində ən mühüm məsələnin mülki əhalinin zərər görməməsi olduğunu vurğulayan Ərdoğan, Suriyanın daha böyük qeyri-sabitlik mənbəyi olmaması üçün Türkiyənin Suriyada əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etdiyini bildirib.

Prezident Ərdoğan Türkiyənin Suriyadakı son hadisələrdən yararlanmağa çalışan terror təşkilatı PKK və onun uzantıları ilə mübarizədə qətiyyətli mövqeyini davam etdirəcəyini vurğulayıb.

Kremlin yaydığı məlumat da olduğu kimi təqdim edirik:

Vladimir Putin radikal qrupların Suriya dövlətinə qarşı terror təcavüzünün tez bir zamanda dayandırılmasının və xüsusilə Ankaranın regionda mövcud imkanlarından istifadə edərək, bütün ölkədə sabitliyin və konstitusiya qaydasının bərpası istiqamətində qanuni hakimiyyətin səylərinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb.

Bu baxımdan liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Suriyada vəziyyətin normallaşması üçün Rusiya, Türkiyə və İran arasında sıx koordinasiyanın əhəmiyyəti qeyd edilib.

İki ölkənin prezidentləri böhranın deeskalasiyası üçün addımların axtarışı kontekstində bir-biri ilə əlaqə saxlamağa davam edəcəklər.

Ticarət, iqtisadi və enerji komponentləri vurğulanmaqla Rusiya-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələlər də müzakirə olunub.