Rusiya prezidenti Vladimir Putinin ABŞ-dakı son prezident seçkisinin nəticəsindən yəqin ki, məmnun qalıb

Hərçənd, bir çox analitiklərə görə, onun məmnunluğuna əsaslar elə də güclü deyil.
Ona görə ki, böyük siyasətdə ilk kövrək addımlarını atan DonaldTrampdan “bağlı boğça” olaraq hər sürpriz mümkündür və o sürprizlərdən sözsüz ki, Rusiyaya da pay düşə bilər – neqativ anlamda təbii ki.
Bu üzdən bəzi Qərb nəşrləri iddia edir ki, D.Trampın qələbəsi Putini əslində çətin vəziyyətə salıb, ona görə ki, HillariKlintondan fərqli olaraq, Trampa münasibətdə hansı siyasi kursun effektli olacağı bilinmir. Yəni qeyri-müəyyənlik məsələsi. Ən azından, gözləmək və təzə prezidentin komandasının kimlərdən ibarət olacağına baxmaq gərəkdir. Bunun üçün də minimum 3-4 ay lazım gələcək.
Moskvanın ABŞ-a yönəlik (kontur)siyasəti Putin üçün xüsusi önəm kəsb edir. Çünki Kreml başçısı son illər öz reytinqini müstəsna olaraq “qətiyyətsiz Ağ Ev başçısı” ilə gərgin rəqabət üzərində qurub və belə baxanda uğura nail də ola bilib: sanksiyalara rəğmən, Rusiyanın ərazisini Krımın hesabına böyüdüb, Ukraynanı faktiki, parçalayıb, Suriyada ABŞ planlarını pozub, Rusiyanı Gürcüstanda, Ermənistanda (Güney Qafqazda) hərbi cəhətcə daha da möhkəmləndirməsi də öz yerində.
Bütün bunlar, yəni Qərbə qarşı “mübariz və qətiyyətli rus çarı” obrazı əlbəttə ki, orta statistik və velikorus virusu daşıyıcısı rusların gözündə onu göylərə qaldırıb. Rusiya toplumu daha ağır güzərana tuş gəlsə də, eyforiya yaradan vətənpərvərlik “həbləri”niPutinin əlindən məmnuniyyətlə alaraq içib. Hərgah, Krımın ilhaqını rəsmişlədirmək mümkün olmayıb, beynəlxalq birlikdə Rusiyanın işğalçı imici möhkəmlənib, regionda və dünyada Moskvaya etimad sarsılıb.
Bəs Trampındönəmində necə, Putinin uğurlu “PR” taktikası işləyəcəkmi? Məsələ də bundadır. İşləməzsə, Putin öz reytinqini getdikcə ağırlaşan daxili sosial-iqtisadi böhran fonunda necə qoruyacaq və yaxud yüksək səviyyədə saxlayacaq? Yenəmi xarici hərbi avantüralara gedəcək? Ancaq kimə, hansı ölkəyə qarşı? Ukraynaya total hərbi müdaxiləmi edəcək?
Unutmayaq ki, son seçkilərdən sonra ABŞ Konqresində respublikaçılar öz mövqelərini daha da möhkəmlədib. Respublikaçılar isə Rusiyaya, Putinə qarşı ənənəvi olaraq sərt, hətta radikal addımların tərəfdarı kimi tanınırlar. Putinin qatı düşməni – Konqresin Hərbi məsələlər komitəsinin (!!) sədri ConMakkeyni və onun kəskin açıqlamalarını yada salmaq kifayətdir.
Yeri gəlmişkən, bu arada Putinin reytinqinin düşdüyü müşahidə edilir. “LevadaÇentr” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya əhalisinin cəmi 63%-i Vladimir Putini 2018-ci ildən sonra da prezident görmək istəyir. Amma bir neçə ay öncəyə kimi Rusiyada Putinə rəğbət 80%-dən yuxarı idi, kəllə-çarxa çıxmışdı. Doğrudur, növbəti prezident seçkiləri 2018-ci ildə keçirilməlidir. Lakin bəzi mənbələr seçkilərin gələn il keçiriləcəyini, Putinin isə hansısa xəstəliyi üzündən istefa verəcəyini iddia edir.
Putinin hansı fiziki xəstəlikdən əziyyət çəkdiyi barədə indiyədək müxtəlif fikirlər və fərziyyələr səslənib. Yəqin ki, zamanı gələndə gerçək üzə çıxacaq. Ancaq bu adam həqiqətən xəstədir – reytinq xəstəsi, SSRİ-ni bərpa eləmək xəstəsi, Rusiya imperiyasını zorla böyütmək xəstəsi… Bu zaman öz xalqı acından ölsə belə, Putini bu, az maraqlandırır.
“Dostu” Tramp ona kömək olacaqmı? “İzvestiya” qəzeti yazıb ki, D.Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edəcək. Elə isə DonaldVovaya Kremldə nə deyəcək görəsən? Yaxud elə bir söz deyə biləcəkmi ki, reytinq xəstəsi Putinin imici yaxşılaşsın?..