
Rusiya həmişə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olub.
Bunu Rusiya Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
Rusiya Prezidenti bəyan edib ki, Bakı və İrəvan həmişə münasibətlərin normallaşmasında Rusiya tərəfinin köməyinə arxayın ola bilərlər.
Məlumata görə, Paşinyan Rusiya Prezidentini Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılmasının başa çatması və İrəvanın bu sənədi imzalamağa hazır olması barədə məlumatlandırıb.
“Vladimir Putin vurğulayıb ki, Rusiya həmişə Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sabitliyin və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olub və olmaqda davam edir. Həm Ermənistan, həm də Azərbaycan bu məqsədlərə nail olmaq üçün Rusiya tərəfinin mümkün olan hər cür dəstəyinə həmişə güvənə bilərlər”, – Kremlin məlumatında bildirilib.
Qeyd olunub ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.