Azərbaycanda “Yaşıl energetika” sahəsində müəllim qıtlığı var.

Bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

“Azərbaycanda “yaşıl energetika” çox sürətlə inkişaf edir, amma təəssüf ki, bu sahədə mütəxəssislərimiz azdır. Ümumiyyətlə isə bizdə ali təhsil müəssisələrində yetişdirilən kadrlar bazara, onun tələbatına nə qədər uyğundur? Bazarda hansı ixtisaslara daha çox ehtiyac var? Bir tərəfdən biz ənənəvi politologiya, sosiologiya kimi humanitar sahələrə daha çox diqqət yetiririk, amma digər tərəfdən müşahidə edirik ki, bazarda data analitika, maliyyə, sosial media menecmenti sahələrinə daha çox ehtiyac var və şirkətlər bizdən bunları istəyirlər. O cümlədən “yaşıl energetika” sahəsi üzrə mütəxəssislərə ehtiyac var”, – deyə o qeyd edib.

Prorektor bildirib ki, Azərbaycanda universitetlərin daha səmərəli kadrlar yetişdirməsi üçün onlara muxtariyyət verilməlidir: “Universitetlərdə hazırda yeni ixtisas yaratmaq üçün Nazirlər Kabinetinin icazəsi lazımdır. Yeni ixtisasların hazırlanması və bazara sürətli şəkildə təqdim edilməsi çox vacib məsələdir. Universitetlərin inkişafı üçün müəyyən vergi güzəştləri, baza, texnologiya transferləri mərkəzləri yaradılmalıdır. Biz təəssüf ki, dünya trendlərindən geri qalırıq. Universitetlərdə olan digər problem isə beynəlxalq əlaqələrin geridə qalmasıdır. Biz texnologiya transferi, innovasiyaların dəstəklənməsi, “yaşıl energetika mövzularında öz kadrlarımıza, öz müəllimlərimizə arxalana bilmirik. Azərbaycanda bu sahədə müəllim qıtlığı olduğu üçün xüsusi kritik sahələri tədris edən müəllimləri xaricdən gətirməliyik”.

İstinadlar Report