Külli miqdarda yeyinti ittihamı ilə həbs edilən, ev dustaqlığına buraxıldıqdan bir neçə gün sonra vəfat edən “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı bildirib ki, Muradova verilmiş ittihamlar tam sübuta yetirilsə də, məhkəmə dövründə vəfat etməsi səbəbindən ona cəza təyin edilməməlidir. Prokuror təklif edib ki, Dövlət Vergi Xidmətindən verilmiş 641 min manat məbləğində mülki iddianın ödənilməsi təmin edilsin, mərhumun Yasamal rayonunda yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülsün, üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilsin.

Prosesdə zərərçəkmiş qismində tanınmış Dövlət Vergi Xidmətinin nümayəndəsi isə V.Muradov tərəfindən dövlət büdcəsinə 641 min manatlıq ziyanın ödənilməsi ilə yanaşı, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğindəki əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının satışından əldə olunmuş gəlirlərin də vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, 9 yanvar 2021-ci ildə həbs edilən Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. V.Muradov 2021-ci il noyabrın 5-də vəfat edib.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Amin Nəzərli

İstinadlar Qafqazinfo