Prezidentlə xanımının yeni açılan “Crescent Mall”da gəzintisinin – Videosu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.
“Qafqazinfo” açılışdan videogörüntüləri təqdim edir:
Bakıda lombarda maskalı hücum – Video

Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib.
Maskalı şəxs lombardda çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.
Hadisənin görüntüləri obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb.

İkimərtəbəli ev yandı, bir nəfər xəsarət aldı – Video

Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 50m² olmaqla ümumi sahəsi 100m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40m² olmaqla ümumi sahəsi 80m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub.
Hadisə zamanı bir nəfər xəsarət alıb.
Sizdən pul istəyən dostunuz yox, dələduzdur! – Növbəti xəbərdarlıq – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Xəbərdarlıqda qeyd edilib ki, kiberdələduzlar müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
“Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur”, – deyə müraciətdə qeyd edilib.
Həmin videomüraciəti təqdim edirik:
Ötən gecə tonqala görə 7 yanğın olub – Video

Ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulub.
Bu səbəbdən də ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi – Video – Fotolar

Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbi qulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yeni praktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.
Müdafiə nazirinə məruzə olunub ki, hərbçilərimizin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitalda tibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.
“İcazəniz varsa, maneəsiz gediş-gəlişiniz təmin olunacaq” – Video

DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
Nazirliyin müraciətində deyilir:
“Müraciətimiz Novruz bayramını doğma diyarlarımızda – Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir.
Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları!
Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq.
Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.
Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək.
Bayramınız mübarək!”
FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət – Video

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.
Bu FHN-dən məlumat verilib.
Müraciətdə bildirilir:
“Xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.
Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.
Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.
Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
DİN rayonlara gedənlərə müraciət etdi – Video

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
“Əziz hərəkət iştirakçıları!
Novruz bayramı günlərində bölgələrimizə – şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.
Bayramınız təhlükəsiz olsun!”
DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq – VİDEO

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək.
DİN hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır.
“İnşaatçılar” metrosunun yaxınlığında yeni “McDonald’s” restoranı açılıb – Fotolar+Video

Novruz bayramı ərəfəsində, Bakının Yasamal rayonunda “McDonald’s Azərbaycan”ın 31-ci restoranı fəaliyyətə başladı.
Yeni restoran A.M. Şərifzadə küçəsi 257 ünvanında, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşir.
Restoran, dəqiq həndəsi formalar, minimalist xətlər və funksionallığı özündə birləşdirən müasir “Geometry” dizayn konsepti əsasında inşa edilib. İkimərtəbəli restoran 207 nəfərlik oturacaq yeri ilə geniş müştəri axınını rahatlıqla qəbul edə biləcək.
Restoranda geniş çeşidli içkilər və desertlər təqdim olunan “McCafe” zonası, həmçinin “McDelivery” xidməti mövcuddur. Ailələr üçün daha rahat mühit yaratmaq məqsədilə yaxın zamanda uşaqlar üçün oyun zonası da istifadəyə veriləcək.
Yeni restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb. “McDonald’s Azərbaycan” təkcə məşğulluğu artırmır, eyni zamanda əməkdaşlarına peşəkar inkişaf üçün imkanlar yaradır. Bütün işçilər beynəlxalq standartlara uyğun təlimlərdən keçərək müştəri xidməti, idarəetmə və komanda işi bacarıqlarını təkmilləşdirirlər.
Dünyanın ilk qlobal brendlərindən biri kimi Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald’s” 25 il ərzində ölkənin qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. 100-dən çox Azərbaycan şirkəti ilə əməkdaşlıq edən “McDonald’s” yerli podratçılarla əməkdaşlığa xüsusi önəm verir. Yeni restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb və bununla da “McDonald’s Azərbaycan” əməkdaşlarının ümumi sayı 2850-ni ötüb. Bu da şirkətin yerli iqtisadiyyatın inkişafına və ölkə sakinləri üçün iş yerlərinin yaradılmasına verdiyi töhfəni təsdiqləyir.
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi – Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Kür çayından götürülən su necə təmizlənir – Video

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir.
Idarənin ərazisində yerləşən Kür Su Kəmərləri Kompleksinin sutəmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib.
Kür sutəmizləyici qurğuları hər biri sərbəst fəaliyyət göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə tikilib. Bu kompleks şərti olaraq KÜR-1 və KÜR-2 adlandırılıb. KÜR-1 su kəmərləri iki mərhələdə, 1970 və 1971-ci illərdə tikilərək istismara verilib. KÜR-2 Sutəmizləyici Qurğuları Kompleksi isə üç mərhələdə – 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət edir.
Kür çayından nasoslar vasitəsilə götürülən su üfüqi-horizontal durulduculara ötürülür. Bu barədə məlumat verən Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, növbəti mərhələdə ilkin xlorlanma, reagentlənmə işləri aparılandan sonra su süzgəclər sexinə ötürülür. Bu zaman süzgəcdən keçdikdən sonra təmiz su anbarına daxil olur. Bu prosesin ardından su nasoslar vasitəsilə magistral xətlərə yönləndirilir.
Kür çayı qar, yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çökdürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur, nəticədə durulma effektliyi 80-85%-ə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə şəffaflanma prosesi üfüqi tipli durulducularda aparılır. Kür sutəmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq üçünçü pillə təmizləmə-tam şəffaflanma adlandırılır, bu proses sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş su təmiz su rezervuarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizati İdarəsinin mütəxəssisləri nəzarət edir.
Eldəniz Həsənov Kür Sutəmizləyici Qurğuları Kompleksində mövcud olan laboratoriya haqqında məlumat verərkən bildirib ki, laboratoriyada işlər fasiləsiz icra olunur: “Həmçinin Şirvan şəhərində yerləşən regional laboratoriyada da həftədə 2 dəfə suyun tərkibi yoxlanılır. Qarşıda qoyulan öhdəliyə əsasən əhaliyə çatdırılan su yüksək keyfiyyətə cavab verməlidir. Biz də çalışırıq ki, bu tapşırığı layiqincə yerinə yetirək”.
Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli Kür suyu verilir.
Daha bir qanunsuz tikili söküldü – Video

Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə zəbt edilmiş ərazidə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Bu barədə Fövqəladə Hallar Nazirli məlumat yayıb.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
“Bu gün də Xankəndidə erməni əhalisi var, onlara söz deyən yoxdur” – Video

“Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq”.
Bunu Prezident İlham Əliyev ötən gün Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə görüşündə bildirib.
“Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır”, – dövlət başçısı qeyd edib.
Prezidentin həmin çıxışının videosunu təqdim edirik:
Prezidentə şeir dedi, maraqla qarşılandı – Video

Prezident İlham Əliyevin ötən gün Ağdərə sakinləri ilə görüşü zamanı maraqlı anlar yaşanıb.
Görüşdə sakinlərdən biri yazdığı şeiri səsləndirib.
Onun bu addımı maraqla qarşılanıb və hər kəs tərəfindən alqışlanıb.
Həmin görüntüləri təqdim edirik:
Daha bir hotelin fəaliyyəti dayandırıldı – Video

Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelinin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;
– obyektdə tezalışan üzlüklərdən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
– təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
– təxliyə yolları yanar materiallarla bağlanılıb;
– mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.