İyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Türkiyə parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb, Azərbaycanın Hərəkata sədrliyi müvəffəqiyyətlə həyata keçirdiyini bildirib.

Mustafa Şentop Azərbaycan ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Türk Dövlətləri Təşkilatı, TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edən Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı ilə əlaqədar bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırlayıb.

Söhbət zamanı 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilərkən Türkiyənin ölkəmizin xüsusi dəvəti ilə tədbirdə iştirakının əhəmiyyəti vurğulayıb..

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin daha da inkişaf etdirilməsinə, onun təsisatlanmasına mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

***

Prezident İlham Əliyev Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.

Görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib.

Dövlət başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğulayıb.

Pakistan Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb.

***

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.