“10 noyabrdan sonra da ermənilər öz mənfur hərəkətlərindən əl çəkmədilər. Evləri, ağacları yandırırdılar, pəncərələri və sanitar qovşaqlarını dünyanın gözü qarşısında aparırdılar”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Bütün dünyaya göstərdilər ki, biz kimlərlə üz-üzə idik və hansı bəlanı məğlub etdik. Sözün düzü belə vəhşilik gözləmirdim. Başqasının torpağını zəbt edəsən, torpağın, evin sahibini güc tətbiq edərək heç bir vaxt vermədən qovasan. Biz onlara çıxmaları üçün 20 gün vaxt versək də, onlar bizə heç 20 saat da vaxt verməmişdilər. Qovduğun insanın evində yaşayasan və mənimdir deyəsən. Oradan çıxmağa məcbur olanda da dağıdıb, söküb yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bunu bütün dünya gördü. II Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq.