“Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır”.

Bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

“Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

İstinadlar Report