“Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq təşkilatlar – BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır.