Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində səsləndirdiyi bəyanatlarla ölkəyə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab verdi.

Bunu “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı bir daha dünyanın gözü önündə Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq istəyənlərə dərs keçdi:

“Biz hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq”.

Deputat xatırladıb ki, düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır.

Səbinə Salmanova

Səbinə Salmanova

“Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq onların bu arzuları ürəklərində qaldı”, – o deyib.

S.Salmanova qeyd edib ki, Azərbaycan lideri bugünkü bəyanatları ilə dövlətin qüdrətini bir daha dünyaya göstərdi:

“Əvvəla onu vurğulayım ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edir. Bu da bizim ölkəyə, onun uzaqgörən dövlət başçısına hörmətin əlamətidir. COP29-un Bakıda keçirilməsi həm də bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.