Prezident Azərbaycan İran sərhədini “Dostluq sərhədi” adlandırdı – Video

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında sözügedən səfərdən video paylaşıb. Görüntüdə dövlət başçısı maşını özü idarə edir və əli ilə Araz çayıyla Azərbaycan-İran sərhədini göstərir.
Prezident sərhədi göstərərkən “Dostluq sərhədi” ifadəsini işlədir.
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb.
Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:
“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.
O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.
Natavan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.
1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.
2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.
Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natavanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.
Şairdən qorxan kimdir?”.
Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO

Vətən Müharibəsində onlarla ermənini tək başına məhv edən xüsusi təyinatlı gizirin döyüş yolu. Hərbçi yoldaşları ona “düşmənə qan udduran” ləqəbi ilə xitab ediblər.
Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci ildə, Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Lənkəranda “N” saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Daxili Qoşunlar, daha sonra isə Xüsusi Təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.
Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxması olmasına baxmayaraq döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.
Daxili Qoşunların Xüsusi təyinatlı giziri-Sənan döyüşlər zamanı ermənilərə qan uddurub, onlarla erməni hərbçisini tək başına məhv edib. Döyüş yoldaşları Sənanı hər zaman mərd, qorxmaz bir hərbçi kimi tanıyıblar.
Sənanın qardaşı da Vətən Müharibəsinə könüllü qatılan döyüşçülərdən olub. O, Murov istiqamətində döyüşərkən qardaşının şəhid olması xəbərini eşidib.
Qeyd edək ki, Daxili Qoşunların giziri Sənan Ələsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif olunub.
“Report”un Şimal-qərb bürosunun Daxili Qoşunların Xüsusi Təyinatlı giziri Sənan Muxtar oğlu Ələsgərzadə barədə
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq – VİDEO

Züvüc kəndi Lerik rayonunun ucqar kəndlərindəndir. Bu yerlərdə yaşamaq o qədər də asan deyil. Lakin vətənin qara torpağı, boz daşı da əzizdir.
Harda doğulmağımızdan asılı olmayaraq Vətənimiz olan Azərbaycanın uğrunda can verib, can alan oğullarımız var. Bu kəndin də Qarabağ Müharibəsində
şəhadətə yüksələn “Qartal” ları, Şahinləri olub.
“Report”un Cənub Mərkəzi Vətən Müharibəsi şəhidi Şahin Afət oğlu Tahirlinin doğulduğu kənddə olub, əzarını ziyarət ediblər.
Müharibə başlayanda Şahin hərbi xidmətdə olub. Döyüşlərə Fizulidən qoşulub. Sonra barəsində heç bir məlumat olmayıb. Atası və qohumları onu bütün cəbhəboyu hərbi hissələrdə, hospitallarda axtarıblar. Sentyabrın 21-də könüllü olaraq orduya yazılan böyük qardaşı İsgəndər də Şahindən xəbər tuta
bilməyib. Məlumat alıblar ki, son dəfə onu Şuşa istiqamətində Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə görüblər. Ailəsi ilə də son telefon
danışığı noyabrın 3-də olub. Harada olduğunu söyləməyib.
Atası Afət Tahirov deyir ki, müharibə qurtarandan sonra oğlunun axtarışına çıxıb: “Onun nəşini tapanda artıq 10 gündən çox keçmişdi. Amma ata övladını iyindən tanıyar”.
“İnanmadım, qolun açdım. Dedim qolu uşaqlıqda yanıb, izi qalmışdı. Açıb baxdım, gördüm helə odur. Yenə inanmadım. Qolunda məktəbdə oynayanda şüşə kəsmişdi. Ora da baxdım. Gördüm odu. Güllə qolundan dəymişdi, dəymişdi kürəyindən çıxmışdı.
Köksündən oğlunun rəsmini ayırmayan Nazilə ana deyir ki, “çox arzuları vardı balamın. Oxuyurdu. Evimin zəhmətkeşi, hamısının sevimlisi idi. Nənəsi
ayrılığına tab gətirmədi. Şahinim gecələr yuxuma girir, ətrini hiss edirəm, oyanıram.”
“Fəxr edirəm. Deyirdi polis olacam. Ana, nə istəyirsən eliyərəm. İndi ölümünə nə deyim? Getdi Vətən yolunda. İki oğul böyüdüb döyüşə, müharibəyə göndərmişəm. Bir-birindən xəbərsiz….Oğullarımın ikisi ilə də fəxr edirəm. Böyük oğlum da müharibə başlayanda getdi qulluq etməyə.
İsgəndər Şahinin böyük qardaşıdır. Hərbi xidmətini Sülhməramlı qüvvələrin tərkibində başa vurub. Hərbi bacarıqlarından Vətən naminə sərf etməyin vaxtı çatdığını düşünərək ilk çağırışçılarla bərabər orduya səfərbər olub.
“Vətənimiz uğrunda müharibəyə getdim ki, Vətənimizi xilas edək. Həm də ki, qardaşımın yanında olmağa. Gedəndən sonra tam fərqli bir şey oldu. Qardaşımın şəhid olmasın sonradan eşitsəm də ordakı döyüş yoldaşlarımın hamısı mənə qardaş oldu. Qardaşımın şəhid xəbərin eşidəndən sonra da yoldaşlarım bir an belə məni tək qoymurdular. Hamısı qardaşlıq nümunəsi göstərdilər. Sağ olsunlar hər biri. Bu qardaşlığın sayəsində torpaqlarımızı geri ala bildik. Birlik sayəsində. Əvvəl ikimiz də Fizulidə idik. Biz getdik Şuşaya tərəf, Laçın yolunu qorumağa. Onlar noyabrın 7-də Daşaltıda pusquya düşüblər. Snayperlə vurulub, şəhid olub. Şəhidlərin, qazilərin sayəsində qələbə qazandıq. Böyük bir hissdir. Xalqımızın sayəsində. Böyük bir hissdir. Xalqımız sağ olsun.Dayaq oldular. Şuşanın alınmasında taborumuzun böyük xidməti olub. Laçın koridorunu saxlamaqla. Onun sayəsində oldu. Artıq müharibə bitib. Həyat davam etməkdədir. Ailədə yeni Arzu doğulub. Şahin dayısına isə bu günə şahidlik etmək qismət olmayıb. Amma əsgər məvacibindən ayırdığı muştuluq sahibinə yetişib. Bacısı uşağının dünyaya gəldiyin eşidəndə deyib ki, ata cibimdən 20 manat ayırıb, o biri cibimə qoyuram. Gələndə muştuluğunu verərəm. Verib gizirə ki, döyüşdən sonra alaram səndən. Həmin 20 manat sonradan gəlib çıxıb bizim evə.
Bu da bir əsgər hekayəsinin sonu. Kaş ki, bütün diləklərimiz ünvanınavaxtında yetişəydi!
Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO

Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz
“Report”un Qərb Mərkəzinin müxbiri Vətən müharibəsində hər iki ayağından yaralanan qazi Qocayev Xəqani German oğlunla həmsöhbət olub.
Xəqani 1988- ci ildə Qərbi Azərbaycandan ailəsi ilə birgə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına başladıqdan sonra məcburi şəkildə öz dədə-baba torpaqlarından zorla qovulublar:
“O vaxt atamla qardaşım ermənilərə girov düşmüşdü. Qardaşımı atamın əlindən alıb işgəncələr veriblər. Onu körpə olanda ermənilər yerə çırpıb. Aldığı tranvalar nəticəsində qardaşım 28 yaşında vəfat etdi.
Ölkədə elan olunan qismən səfərbərlik çərçivəsində könüllü olaraq döyüşə gedən Xəqani bir müddət təlim keçdikdən sonra Füzulidən döyüşlərə başladığını deyir:
“Füzulidə 3-4 gün qaldıq. Əmr gəldikdən sonra biz gecəynən Şuşa-Xankəndi istiqamətinə getdik. Hardasa 13 saat yol getdik. Getdik Şuşa-Xankəndi istiqamətinə və orada mühasirəyə düşdük. Bizdən qabağda olan döyüş yoldaşlarımızın köməyə gəlməsi ilə mühasirəni yararaq Şuşa istiqamətində hərəkətə başladıq”.
Vətən müharibəsi iştirakçısı, qazi X.Qocayev deyir ki, noyabrın 8-də Şuşaya doğru hrəkət etməyə başlayıblar. Bu zaman isə düşmən güclü həyəcan siqnalı veriblər: “Şuşa-Xankəndi-Daşaltı istiqamətində döyüşlərə başladıq. Düşmənin güclü həyəcan siqnalının ardınca bizi ağır ertileriya qurğularından və iri çaplı silahlardan atəşə tutudular”.
O əlavə edib ki, yaralı və şəhidlərin olmasına baxmayaraq “İrəli” əmri ilə düşmənin üstünə şığıyıblar:
“Qabağa getmək istəyirdim ki, arxadan güllə səsi gəldi. Ayağımda ağrı hiss etdim. Daş insanın ayağına dəyəndə necə ağrı hiss edirsə elə bir ağrı hiss etdim. Çöndüm baxdımki əclaf məni vurub. Nəsə deyirdi başa düşmək olmurdu. Elə fürsət yarandı ki, mən dönməyimlə bunu görüb vurdum, qisasımı aldım ondan. Bu yıxıldı yerə, həmin an məndə qəhramanlıq hissi yaranmışdı. Nəsə qabağa çöndüm axsıya axsıya biraz getmişdim ki, minamyot düşdü arxaya, məni üzü üstə çırpdı yerə sonra gördümki mən özümü hiss etmirəm, ayağımdan qan axdığını gördüm və bundan sonra huşumu itirmişəm”.
Qeyd edək ki, X.Qocayev ailəlidir, 2 qızı var. Vətən müharibəsində hər iki ayağından yaralanan, Xəqani eyni zamanda bədəninin müxtəlif nahiyələrində bədənində bir neçə qəlpə də gəzdirir.
Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.
Cəbrayılın Karxulu kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Füzulinin Dövlətyarlı kəndi – Video

Müdafiə Nazirliyi Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Xırdalandakı partlayışdan – Fotolar – VİDEO

Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Hadisə yerindən fotoları təqdim edirik:
250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.
ETSN-dən “Qafqazinfo”ya bildirilib ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”, – deyə nazirlikdən bildirilib.
Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.
Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.
Müraciətdə deyilir:
“Dağlıq ərazilərdə yaşayan, eləcə də, dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən, dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.
Bildirilib ki, ilk baxışdan aldadıcı görünsə də, günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.
Həmçinin, vurğulanıb ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.
Füzulinin daha bir kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Füzuli rayonunun Kürdlər kəndindən video yayımlayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Bakıda oğurluq edən dəstə tutuldu – Video

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili işlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar.
Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Həmçinin baxın
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video
Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto
Bizi Facebook-da izləyirsiniz?
Bağla