Azərbaycan ikili standartlara görə Ümumdünya Ticarət Təşkilatına üzv olmur.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil:
“Baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər – bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır”.
Dövlət başçısı əlavə edib ki, beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər.