Xəbər verdiyimiz ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib. O, hazırladığı videoları ilə geniş tamaşaçı kütləsi toplayan Ərtoğrul Kərimovun fəaliyyətini yüksək qiymətləndirirdiklərini qeyd edib və onu Prezident Administrasiyasına görüşə dəvət edib.

Media məsələ ilə bağlı həmin videoları hazırlayan rejissor, aktyor Ərtoğrul Kərimovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Necə oldu ki, belə bir video hazırlamaq qərarına gəldiniz?

Biz baxanda görürük ki, istənilən dövrdə satira həmişə önəmli olub. Satira bütün xalqın içindən keçən, cəmiyyətdə olan sosial problemləri çatdıran ən yaxşı və ən sivil yoldur. Bizdə də, həqiqətən, son günlərdə brifinqdə Prezidentin köməkçilərinin – Hikmət Hacıyev və Şahmar Mövsümovun danışdığı, dediyi məsələlərlə, mənimlə, videolarımla bağlı dediyi şeylər də açıq-aydın göstərdi ki, deməli, sivil yolla müsbət və mənfi şeyləri demək mümkündür. Tək məsələ onda deyil ki, ancaq mənfi rəylər bildirəsən. Məsələn, mənim həkimlərə, polislərə, brifinqə, Prezident Administrasiyasına dəstək videolarım da var. Amma yenə də sosial problemləri, cəmiyyətdə olan mənfi şeyləri deyəndə də görürük ki, artıq qəbul edirlər və buna görə mən çox təşəkkür edirəm. İnanın ki, çox sevinirəm. Tək öz adıma yox, məsələ tək mənim adımın çəkilməsi deyil. Məsələ ondadır ki, bizi – Azərbaycan gəncliyi olaraq, dövlət qəbul edir, bizə dəyər verir.

– Videolarda Səhiyyə naziri Oqtay Şirəliyev, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov kimi yüksək rütbəli məmurlar da tənqid olunub. Onları tənqid etməkdən çəkinmədiz ki?

Əvvəlcə onu deyim ki, nəinki məmur, adi bir vətəndaşı təhqir etməyən insanam. Videolarda da, hazırladığım materiallarda da, ümumiyyətlə, heç kimə tənqir yoxdur. Oqtay müəllimlə, Elmar müəllimlə, Ramin müəllimlə (TƏBİB sədri Ramin Bayramlı –red.), hətta Hikmət Hacıyevin özü ilə bağlı və son olan – Şahmar Mövsümovla (Prezidentin köməkçisi Şahmar Mövsümov –red.) görüş videomda təhqir qətiyyən yoxdur, tənqid var. Məsələn, pandemiya dövründə Səhiyyə naziri olaraq Oqtay Şirəliyevin həddindən artıq az çıxışlarını gördük. Onu mən videomda sadəcə qeyd etmişəm ki, belə bir şey var.

– Bu videolar təkcə sosial şəbəkələrdə müzakirə olunmadı, həm də Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən sizə təşəkkür edildi və o, sizi Prezident Administrasiyasına dəvət etdi. Gedəcəksinizmi?

Mən elə sizin saytınız vasitəsilə çox təşəkkür edirəm. Pandemiya dövründə brifinq dövlət, hətta dünya əhəmiyyətli bir tədbirdir. Orada mənim videolarım, məmim haqqımda danışdılar. Çox təşəkkür edirəm. Getmək məsələsinə gəldikdə isə, əlbəttə, əgər dəvət edirlərsə, mən getməliyəm, təşəkkürümü bildirməliyəm. Yenə deyirəm, burada söhbət tək Ərtoğruldan getmir. Bu, Prezident Administrasiyasının, Prezidentin və Prezidentin köməkçilərinin Azərbaycan gəncliyinə dəstəyi, münasibəti və diqqətidir. Demək ki, biz- gənclər sivil, satirik yolla müsbət və mənfi şeyləri deyə bilərik. Bunun üçün küçələrə çıxıb mitinq etməyə və ya haranısa vurub dağıtmağa ehtiyac yoxdur. Bu dövlət, millət, yaşadığımız ərazilər bizimdir. Ona görə də, bundan sonra da, videolarım davam edəcək. Ora isə əlbəttə gedəcəyəm. Mənim üçün fəxr olar ki, Şahmar müəllimlə də, Hikmət müəllimlə də görüşərəm və şəxsən təşəkkürümü bildirərəm.

– Bundan sonrakı videolarınız hansı mövzuda olacaq?

Mən videolarımı, gündəlik, həftəlik trendlərə uyğun hazırlayıram. Operativ Qərargahla videounun olmasını istəmirəm. Allaha yalvarıram ki, pandemiya bitsin və Operativ Qərargah ləğv olunsun ki, onunla bağlı video hazırlamayım. Amma bu virus məsələsi davam edərsə, onda yenə Operativ Qərargahla bağlı eyni satirik videolarımı hazırlayacağam. Əlavə olaraq, cəmiyyətdə olan məsələlərlə bağlı da yeni videolar hazırlayacağam.

– Oxuculara maraqlıdır ki, Ərtoğrul hazırda nə işlə məşğul olur?

Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dram teatrı və kino aktyoru ixtisasını bitirmişəm. Bundan əlavə, rejissorluq üzrə mərhum Vaqif İbrahimoğlundan dərs almışam, onun tələbəsiyəm. Xaricdə bir neçə kurs keçmişəm və əsl sənətim rejissorluqdur. Dağıstanda Azərbaycan teatrının baş rejissoru işləmişəm, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa səhnəyə qoymuşam. Onu da qeyd edim ki, müğənnilər – Nadir Qafarzadə, Çinarə Məlikzadə ilə prodüser kimi işləmişəm. Hazırkı işimə qaldıqda isə, heç bir işdə işləmirəm və bu videoları hazırlamaqla məşğulam. Televiziyalarda dublyaj olanda çağırırlar, gedirəm, dublyaj edirəm, vəssalam.

İstinadlar Qafqazinfo