Portuqaliyada prezident seçkilərində səsvermə başa çatıb.

Səsvermə koronavirus pandemiyası və ölkədə yoluxucu vəziyyətin kəskinləşməsi fonunda keçirilib.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) bağlanıb.

Ölkədə 9 milyondan çox insan səsvermə hüququna malikdir. Dövlət başçısı vəzifəsinə yeddi namizəd iddialıdır. Onların arasında respublikanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var.

Ölkə qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Hazırkı dövlət başçısı, 72 yaşlı Marselo Rebelo de Souza 2016-cı ildə prezident vəzifəsini icra etməyə başlayıb. Ölkədə seçkilərdən əvvəl keçirilən ictimai rəy sorğularına əsasən, o, siyasi marafonun favoritidir.