İranda keçirilməli olan yeni prezident seçkiləri ilə əlaqədar fərqli siyasi qruplar fəallaşacaqlar, İran ətrafında çətin siyasi durum isə bu seçkilərə ciddi təsir göstərəcək.

Bunu “Report”a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov ötən gün baş verən helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisinin həlak olmasının ölkədəki daxili vəziyyətə necə təsir edəcəyini şərh edərkən deyib.

O bildirib ki, hazırda diqqət yetirilməli iki mühüm məqam var və onlardan birincisi İranda bu hadisə ilə bağlı başlanacaq cinayət işinin nədən ibarət olacağıdır:

“Çünki bu, bütün müəmmalara cavab verməlidir. İkinci məqam isə Prezidentin ölümündən sonra icra edilməli olan prosedurdur. Prosedura əsasən, təxminən iki ay ərzində yeni seçkilər keçirilməlidir. Nəzərə almaq lazımdır ki, Prezident seçkiləri planlaşdırılmırdı və bununla bağlı hansısa xüsusi hazırlıq işi həyata keçirilməyib. Ona görə də fərqli siyasi qruplar fəallaşacaqlar ki, öz namizədlərini irəli sürsünlər”.

 Fərhad Məmmədov

Fərhad Məmmədov

Ekspert vurğulayıb ki, mühafizəkar qruplar indi əsas söz sahibləridir və onlar öz daxilindən namizədlər irəli sürəcək:

“Mühafizəkarların əsas söz sahibi olduğunu keçmiş parlament seçkiləri və yaxud ekspertlər şurasına seçkilər də nümayiş etdirib. Ancaq onların irəli sürdüyü namizədi Ali dini lider təsdiq etməlidir. Əsas siyasi mübarizə də məhz burada- namizədlik statusu almaq uğrunda cərəyan edəcək. İrandakı çətin iqtisadi vəziyyət və Yaxın Şərq regionunda İranın dəstəklədiyi proksilərlə İsrailin müharibəsi nəticəsində yaranan çətin siyasi durum İrandakı seçkilərə təsir göstərəcək. Yəni burada cinayət işinin nəticələri, xarici faktorlar və baş tutmalı olan məsələlər İran daxilindəki proseslərə çox ciddi təsir göstərəcək”.