Azərbaycanla Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) dirçəlişi və inkişafının təşəbbüskarlarıdır.

Bu barədə açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində mənəvi və siyasi dəstək göstərən müttəfiqlərinə minnətdardır: “Fikrimcə, antiazərbaycan lobbiçilərinin Vətən müharibəsində xarici qoşunların iştirak etməsiylə bağlı bəzi Avropa ölkələrində, o cümlədən Fransada, eləcə də ABŞ-də səsləndirilən bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Bu, əlbəttə ki, yalandır, bu cür bəyanatlarla razılaşmaq sadəcə mümkün deyil. Biz müttəfiqlərimizə göstərdikləri siyasi və mənəvi dəstəyə görə minnətdarıq və biz bu dəstəyi həmişə qiymətləndirmişik və bundan sonra da qiymətləndirəcəyik”.

Politoloq qeyd edib ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar dinc əhali ilə vuruşmayıb, etnik təmizləmə aparmayıb, şəhər və kəndləri dağıtmayıb.

“Bütün dünya azərbaycanlıların necə məharətlə, peşəkarcasına, fədakarcasına və şərəflə vuruşduqlarını gördü, müharibədən sonra isə Qarabağ münaqişəsini siyasi yolla tam həll etdik. Həll edilməmiş yeganə məsələ Ermənistanla münasibətlərin yekun həllidir, lakin biz bu problemi də diplomatik yolla həll etmək üçün lazım olan hər şeyi edirik”, – o vurğulayıb.

Politoloq qeyd edib ki, bu inamlı qələbədə və silahlı qüvvələrimizin, əsgər və zabitlərimizin əməllərinin layiqli nəticə ilə yekunlaşmasında əsas səbəb diplomatiya sənətini, siyasi təşəbbüsləri mükəmməl bilən Azərbaycan Prezidenti İlham Əliyevin mahir, peşəkar rəhbərliyidir.

“Bu, təkcə xalqımızın deyil, bir çox dövlətlərin, istər Qərb dövlətlərinin, istərsə də üçüncü dünya dövlətlərinin rəhbərləri tərəfindən etiraf olunur. Prezident İlham Əliyevə və onun bütün bu sahələrdə fəaliyyətinə verilən yüksək qiymət Azərbaycanı praktiki olaraq regionun lider dövlətinə çevirib. Özü də təkcə aparıcı qüvvə və oyunçu deyil, həm də dünya siyasətində və beynəlxalq münasibətlərdə kifayət qədər mühüm rol oynayan ciddi və mühüm dövlətə çevirib”, – F.Sadıqov bildirib.

Politoloq onu da vurğulayıb ki, mövcud siyasi vəziyyət kontekstində Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) dirçəlişi və inkişafının təşəbbüskarlarıdır.

“Türk dövlətlərinin bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əminik ki, çoxtərəfli görüşlərimiz və sammitlərimiz həm siyasi, həm də sosial-iqtisadi sahədə gələcək tərəqqi və qarşılıqlı maraqlarımızın inkişafı üçün əsas olacaq”, – F.Sadıqov deyib.