Cəbrayıl rayon prokurorluğu ötən gün polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, iyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti  Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

İstinadlar Qafqazinfo