İmişlidə narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov “iş başında” saxlanılıb.

Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı R.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 



İstinadlar Qafqazinfo