Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bella Rudenko dünyasını dəyişib.

Bu barədə rusiyalı tənqidçi Andrey Plaxov yazıb.

Sənətkar 88 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, B. Rudenko 1933-cü il avqustun 18-də Ukrayna SSR-in Luqansk vilayətinin Bokovo-Antratsit qəsəbəsində (indki Antratsit şəhəri-red.) anadan olub. Dünyanın bir çox ölkələrində çıxış edən opera müğənnisi 1992-ci ildə karyerasına son qoyub. 1995-1999-cu illərdə Moskva Böyük Teatrının opera truppasının bədii rəhbəri olub. 1977-2017-ci illərdə Moskva Dövlət Konservatoriyasında dərs deyib, 1989-cu ildə təhsil müəssisəsinin professoru olub. 1960-cı ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.

İki dəfə ailəli olub. Rudenkonun birinci həyat yoldaşı Ukrayna SSR mədəniyyət nazirinin müavini Vladimir Yefremenko, ikinci həyat yoldaşı isə Azərbaycan Xalq artisti Polad Bülbüloğlu olub. Opera müğənnisinin birinci nikahından Yekaterina adlı qızı, ikinci nikahından isə Teymur adlı oğlu var. Sonuncu hazırda biznesmendir.