Almaniyanın müdafiə naziri Boris Pistorius Pentaqonun yeni rəhbəri Pit Heqset ilə ilk görüşündən sonra ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərini ölkənin ÜDM-in 5 faizinə çatdırmaq təklifinə qarşı çıxıb.

Bu barədə DPA agentliyi məlumat yayıb.

“Xeyr, ÜDM-in 5 faizi hədəfindən söhbət gedə bilməz. ABŞ Prezidenti tələb edir ki, bu rəqəm 5 faiz olsun. Amerikalıların özləri bundan çox-çox uzaqdadırlar”, – Pistorius Brüsseldə “Ramştayn” formatında Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasının kuluarlarında deyib.

Eyni zamanda almaniyalı nazir hansı kvotanı zəruri hesab etdiyini də dəqiqləşdirməyib, lakin müdafiə xərclərində ÜDM-in 2 və ya 2,5 faizinin kifayət etmədiyini bildirib.

O vurğulayıb ki, ÜDM-in 3 faizini başlanğıc nöqtə kimi götürsək, bu, ildə təxminən 120 milyard avroya bərabər olacaq.

İstinadlar Report