Bir neçə dəqiqə öncə möhtərəm Prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik. O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da, həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm.
Bu sözləri İranın sabiq xarici işlər naziri, vitse-prezident vəzifəsindən istefa verən Məhəmməd Cavad Zərif X hesabında yazıb.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib. İstefasına səbəb kimi isə Pezeşkian hökumətinin tərkibi ilə razılaşmadığını göstərib. O, bundan sonra fəaliyyətini universitetdə davam etdirəcəyini bildirib.
Lakin xarici mediada istefanın arxasında başqa səbəblərin də olduğu iddia edilir.
Hökumətə yaxın mənbənin və islahatçı siyasi düşərgədəki daha iki nəfərin xarici mediaya sızdırdığı sözlərə görə, hakim isteblişmentdəki mühafizəkarlar Zərifi istefaya məcbur etmək üçün Pezeşkiana təzyiq etməyə başlayıblar.
Əllərində isə bəzi hüquqi əsaslar da var. Belə ki, İranda iki il əvvəl qəbul edilmiş qanun yüksək vəzifəli məmurlara və ailə üzvlərinə xarici vətəndaşlığı olmağı qadağan edir. Zərifin övladları ABŞ vətəndaşlığına malikdirlər və Zərif özü vaxtilə orada təhsil alarkən doğulublar. Bu hüquqi rıçaq mühafizəkarlara keçmiş xarici işlər nazirini hədəfə almaq üçün əlverişli bəhanə yaradır.
Bunun ardınca isə Zərif rəsmi olaraq vəzifəsindən istefa verib.
“Zərif istefa məktubu yazdı, lakin Pezeşkian onu saxlamaq üçün Ali Liderdən asanlıqla icazə ala bilərdi. Amma o, bunu etməməyi seçdi”, – hökumətə yaxın mənbə mediaya pıçıldayıb.
Bununla yanaşı həqiqətən də, Pezeşkianla Zərif arasında kadr təyinatları məsələsində də narazılıq olduğu, Pezeşkianın Zərifin təklif etdiyi şəxsləri göz ardına vurduğu da iddia edilir. Bütün baş verənlərin nəticəsində isə Pezeşkianın seçki kampaniyasının ən qızğın iştirakçısı, onun qələbəsi üçün bəlkə də Pezeşkianın özündən də çox canfəşanlıq etmiş Zəriflə yollar ayrılıb.