Xəbər verdiyimiz kimi “The Telegraph” nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib.

Məqalədə iddia olunur ki, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.

İranın yeni prezidenti Pezeşkianın adından səsləndirilən bu iddialar təbii ki, Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb.

Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.

Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. “Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir.

İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.

Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”, – deyə Azərbaycan hakimiyyətindəki mənbələr APA-ya bildirib.