Britaniyanın ‘Telegraph’ nəşri İranın İsrailə hərbi zərbə vurmaq müzakirələri ilə bağlı sensasion məqalə ilə çıxış edib.
Məqalədə İranın yeni prezidenti Pezeşkianın komandası ilə SEPAH arasında İsrailə qarşı cavab addımları ilə bağlı yaranmış ciddi fikir ayrılıqlarından bəhs edilir. Kifayət qədər ciddi mənbələrə istinadən yazılan məqalədə İranın yeni administrasiyasının İsraillə açıq hərbi qarşıdurmaya etiraz etdiyi qeyd edilir. Pezeşkianın köməkçisi nəşrə deyib ki, SEPAH isə İsrailə qarşı kəskin və birbaşa zərbələrlə yeni prezidenti müharibə burulğanına salmağa çalışır.
Yazıda daha bir sensasion məqam Pezeşkian və tərəfdarlarının HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini SEPAH-ın yeni prezidentə ‘tələsi’ hesab etmələri ilə bağlı mövqeləridir. Pezeşkianın komandası hesab edir ki, SEPAH Haniyənin mühafizəsində qəsdən boşluq buraxaraq onun öldürülməsinə şərait yaratmaqla yeni prezidenti hakimiyyətinin ilk günündən qanlı müharibə prosesinə cəlb edərək onun Qərblə yaxınlaşmaq və islahatlarla bağlı planlarını məhv etməyə çalışır.
Pezeşkianın köməkçisi nəşrə bildirib ki, O, müharibənin qarşısını almaq üçün SEPAH komandanları ilə gərgin mübarizə aparır və bu proses bəzən Xameneyinin qərargahına qədər gedib çıxır. Pezeşkian İsrailə dolayısı ilə cavab verərək ölkənin nüfuzunu qorumağı, amma açıq müharibəyə səbəb olacaq hücumlardan yayınmaqda təkid edir.
Burada ən maraqlı məqamlardan biri isə Məsud Pezeşkianın İrana qonşu ölkələrdəki İsrailə aid obyektləri vurmaq təklifidir. Prezidentin köməkçisi nəşrə deyib ki, Pezeşkian təklif edir ki, öncədən həmin ölkə rəhbərlərini məlumatlandırmaqla Azərbaycan və ya İraq Kürdüstanındakı İsrail obyektlərinə zərbə endirməklə ‘bu oyunu bitirmək’ lazımdır. Başqa sözlə, Pezeşkian öncədən məlumat ötürməklə Azərbaycan və ya Kürdüstanda İsrailə aid hansısa obyekti vurmaqla bağlı bir oyun qurmaq və bununla da İranın cavab verdiyi görüntüsünü yaratmağı irəli sürüb.
SEPAH-dakı mənbələr də ingilis nəşrinə Pezeşkianla gedən mübahisəni təsdiqləyiblər. Adı çəkilməyən şəxs nəşrə deyib ki, SEPAH komandanları hesab edir ki, Pezeşkian ölkənin nüfuzunu düşünməkdən daha çox, öz kreslosundan narahatdır və buna görə də onun dediklərinə çox da qulaq asmırlar….