Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanda fəaliyyət göstərən bütün səfirləri Londonda səfirliyimizə edilən hücumu pisləyən bəyanat verməyə səsləmişdi.

Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalko bu çağırışa cavab olaraq bildirib:

“Azərbaycanın Londondakı səfirliyinə dünənki hücumdan dəhşətə gəldim. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olmasına rahatlandım”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, Azərbaycan bayrağını endiriblər. Hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.

İstinadlar Qafqazinfo