Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Sözügedən qanuna təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. 

Belə ki, maddə 20-yə əlavə edilən 20.3- cü bənddə qeyd edilir ki, peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. 

Bundan əlavə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. 

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır. 

Qeyd edək ki, “Təhsil haqqında” qanunun 1.0.40-cı maddəsində subbakalavr peşə-ixtisas dərəcəsi yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi olaraq təsbit edilib. Həmin qanunun 20.2-3-cü maddəsinə və “Peşə təhsili haqqında” qanunun 14.6-cı maddəsinə əsasən yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.  

Yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir.  

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

İstinadlar Qafqazinfo