Azərbaycandan Avropaya qaz tədarükünü iki dəfə artırmaq üçün infrastruktura və “upstream”a investisiya ilə bağlı qərarlar tezləşdirilməlidir.
Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında deyib.
Onun sözlərinə görə, 2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin “yaşıl enerjisi”nin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətdə həlledici ildir:
“2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 milyard kubmetrə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və “upstream”a investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq.