Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və “yaşıl elektrik enerjisi”, “yaşıl qaz”ların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələrin icrasını hədəfləyir.

Bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bir neçə saatdan sonra BP ilə “yaşıl enerji zonası” – Şərqi Zəngəzurda 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq: “Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın karbonsuzlaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5 %-ə yüksəldəcək. Bu, yalnız 30 %-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir”.

İstinadlar Report