Perunun nüfuzlu “La Republica” gündəlik qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Azərbaycanın Qarabağ regionunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı müsahibəsi dərc edilib.
Müsahibədə erməni silahlı quldurlarının Azərbaycan ərazisində həyata keçiridyi növbəti terror aktı zamanı dinc sakinlərlə yanaşı, polis əməkdaşlarının həlak olması barədə məlumat verilir, intensiv hal almış bu cür təxribat əməllərinin qarşısının alınması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinin aparıldığı qeyd olunur.
Bildirilir ki, Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələr yerinə yetirilib, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyaraq tam şəkildə tərksilah olunması, bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi barədə razılıq əldə olunub.
Müsahibə zamanı Qarabağ münaqişəsinin həllində Rusiya tərəfinin vasitəçiliyinin roluna toxunulub və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətinin nəzərə alınaraq antiterror tədbirlərinin dayandırılması barədə razılığa gəlindiyi qeyd olunub.