Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub.

“Mərkəzdə küveyzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə, 6 nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb”.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

İstinadlar Report