Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mus tafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Belə ki, ifadə verən zərərçəkənlərdən biri də Perinatal Mərkəzin Təcili Tibbi Yardım şöbəsinin əməkdaşı Gülbahar Zülfüqarova olub.
O bildirib ki, mərkəzdə yanğın baş verəndə bir neçə nəfərlə söndürməyə çalışıblar:
“Anaları döşəy qarışıq bayıra çıxardırdıq. Onlar özləri gəzə bilmirdilər. Biz qaçmadıq, hamımız orada idik. Mənim nəfəsimdən 15 gün qara tüstü çıxdı. Biz bunu kiməsə görə etmirdik, ora bizim evimiz idi. Mən gördüm ki, küveyz ortadan yanır. Soruşdum ki, kiməsə zəng etmisiz? Dedilər ki, “102”yə zəng etmişik. Doğum şöbəsinə qayıdıb, “112”yə və Mehriban xanıma zəng elədim. Yenidən qayıtdım ora, küveyzlə yanaşı, jalüz də yanırdı. Biz bir neçə nəfərlə yanğını söndürməyə çalışırdıq. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdu”.
Zərərçəkən Vaqif Hacıyevin sözlərinə görə, Perinatal Mərkəzdə mühafizəçi işləyib:
“Mühafizə Polisi ilə birgə xəstəxananın mühafizəsini təşkil edirdik. Həmin vaxt xəstə yox idi. Sonra kimsə dedi ki, dördüncü mərtəbədə yanğın var. Yanğınsöndürən balonu götürüb həmin mərtəbəyə getdim. Tüstüdən otağa yaxınlaşmaq mümkün deyildi. Küveyzin yandığını görmürdüm. Uzaqdan yanğını söndürməyə çalışırdıq. Yanğın baş verəndə siqnalizasiyanın işə düşdüyünü eşitmədim. Bir neçə dəfə yanğınla bağlı təlimlərdə iştirak etmişəm. Ona görə də, bu sahədə müəyyən biliklərim var idi. Biz küveyzləri aşağı düşürməyə çalışırdıq. Həmin vaxt Mehriban xanımla Elnur müəllim də orada idi. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdu”.
Daha sonra məhkəmədə iştirak etmək istəməyən bir neçə zərərçəkən barəsində məcburi gətirilmə qərarı çıxardılıb.
Proses aprelin 28-də davam edəcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.