
2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Qələbə çıxışı milli qürurun bərpası, illərlə davam edən yaraların sağalması idi.
Bunu ABŞ-nin nüfuzlu Pensilvaniya Dövlət Universitetinin azərbaycanlı tələbəsi Nihat Həsən sözügedən ali təhsil müəssisəsində keçirilmiş konfransda çıxış edərkən deyib.
Çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanan Nihat Həsən bildirib:
“Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə bu münaqişənin sona çatdığını və rahatlıq, ümid hissini təsəvvür edin. Prezident İlham Əliyevin 2020-ci il Qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm bir vətəndaş iştirak aktı olduğunu, onun təkcə bir millətə deyil, həm də şəxsən tanıdığım insanlara necə təsir etdiyini paylaşmaq istəyirəm.
İlham Əliyev bu çıxışı 10 noyabr 2020-ci ildə, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağ bölgəsindəki torpaqlarını geri aldıqdan sonra etdi. Prezident çıxışında hərbi qələbəni qeyd etdi və bunun uğrunda canından keçən şəhidlərimizi andı. Amma bu, sadəcə bir qələbə elanı deyildi – bu, xalqı səbirli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi.
Bildiyiniz kimi, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil, bu, həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. İlham Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda, insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxışdan sonra bütün xalq, azərbaycanlılar bir-birinə daha da bağlandı”.
Azərbaycanlı gənc daha sonra başından keçən bir əhvalatı da bölüşüb:
“Bunu daha da şəxsi bir hekayə ilə izah etmək istəyirəm. Mənim riyaziyyat müəllimim İkinci Qarabağ müharibəsində oğlunu itirmişdi. O, hər zaman gülərüz və hörmətə layiq bir insan idi, amma bu hadisədən sonra tamamilə dəyişdi. Onun saçlarının ağardığını, gözlərinin altındakı qara kölgələri və əvvəlki gülərüz halının yox olduğunu görürdük. Lakin bu qələbə elan edildikdən sonra onda açıq-aydın bir dəyişiklik hiss etdik. Doğrudur, bu onun kədərini tamamilə silmədi, amma ona bir məqsəd hissi verdi – oğlunun qurbanının boşa getmədiyini bilmək ona güc verdi. Bax, bu çıxışın təsiri belə idi. Bu çıxış bir milləti bir araya gətirdi və insanlara ümid verdi.
Bu çıxış təkcə ərazi qazanclarından ibarət deyildi. Bu, milli qürurun bərpası və illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda, bu, bütün dünyaya Azərbaycanın irəli getməyə və ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi”.