Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib

Çində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib.

O, ÇXR sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkan yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib.
V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Oxumağa dəyər:   Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır.

Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.

Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir. Aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın Müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını da bildirib.
26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də inkişaf etdiyini diqqətə çatdıran çinli nazir, əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.

Oxumağa dəyər:   Zəhərlənən qızlarla bağlı nazirlikdən açıqlama

Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.
V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və əlaqələrin genişlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan general-polkovnik Z.Həsənov bildirib ki, bu dostluq münasibətləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilərək yüksək əməkdaşlıq səviyyəsinə çatdırılıb. Ölkələrimizin rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri artıq daimi xarakter alıb. Bu da öz növbəsində mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.

Oxumağa dəyər:   Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti təkcə ölkəmiz üçün deyil, bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir.
Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-nı təmsil edən təşkilatları tanıyır.

Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.