“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı ölkəsindən uzaqlaşdırmaq istəyi Cənubi Qafqazı Suriya, Liviya və Ukraynaya çevirmək riskini kifayət qədər artırır”.

Bunu “Report”a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.

Siyasi icmalçı vurğulayıb ki, bu siyasət eyni zamanda Ermənistanın bir dövlət kimi yox olması ilə nəticələnə bilər.

Z.Məmmədovun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən Bakı-İrəvan münasibətlərinin nizamlanmasına qarşı və ümumilikdə Ermənistanla Azərbaycan arasında baş verənlərlə bağlı ciddi geosiyasi addımlar atılır.

Zaur Məmmədov

Zaur Məmmədov

Siyasi şərhçi bildirib ki, Ermənistan rəsmilərinin ABŞ və Fransaya tez-tez baş tutan səfərləri, keçirdiyi görüşlər N.Paşinyan hökumətinin Rusiya və Türkiyə arasında ciddi şəkildə yaxınlaşması fonunda Moskva tərəfindən istədiyi dəstəyi ala bilməyəcəyini başa düşdüyünü deməyə əsas verir: “Hazırda Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi maksimum həddədir. Buna birbaşa olaraq Nikol Paşinyan yön verib. Onun məqsədi ABŞ-ı, həmçinin Qərbi Cənubi Qafqaza gətməkdir. Paşinyan bunun üçün maksimum fəaliyyət göstərir. Əlbəttə, rəsmi İrəvan bilir ki, “Rusiya bizə dəstək göstərmir”, o cümlədən guya Azərbaycanın “aqresiyası” ilə qarşı-qarşıya olduqları barədə bəyanatları fonunda ABŞ-dakı bəzi dairələrdən və Fransadan dəstək alacaq. Ermənilərin bu gün “Biz Rusiyanı istəmirik, Rusiyanın əsgərlərinin Ermənistandan çıxarmağa və onun Ermənistandakı siyasi nüfuzunu yox etməyə hazırıq” kimi fikirləri ABŞ və Fransanın dəstəyini almağa hesablanıb. Biz bu tezislər fonunda görürük ki, həqiqətən Paris və Vaşinqton hazırda Ermənistana ciddi şəkildə siyasi dəstək verir. Əlbəttə, bu siyasi dəstəyin sonu hərbi və iqtisadi dəstəklərlə də yekunlaşa bilər”.

N.Paşinyanın bir neçə dəfə beynəlxalq missiyanı Ermənistana gətirməsi ilə bağlı səsləndirdiyi fikirlərdən bəhs edən politoloq qeyd edib ki, görünür, İrəvan, Paris və Vaşinqtondakı bəzi dairələr arasında müəyyən dialoq baş tutub: “Ermənistanın Baş naziri beynəlxalq missiya deməklə ilk növbədə ABŞ və Fransa hərbçilərini nəzərdə tutur ki, onları Ermənistanda yerləşdirsin. Bununla o həm Ermənistanın sərhədlərini qorumaq, həm də ən əsası Rusiyanı Ermənistandan uzaqlaşdırmaq məqsədi güdür”.

İstinadlar Report