Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.

Bunu Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, N.Paşinyan 20 Yanvar şəhidlərini ekstremistlər adlandırıb: “Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı?! O, Soljenitsini faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi”.

H.Hacıyev vurğulayıb ki, 20 Yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və şəhidlərin xatirəsi əziz tutulur: “20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.

Şöbə müdirinin sözlərinə görə, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif cəfəng fikirlər söyləmək əvəzinə ən lazımi və labüd addımları atmalıdır. Bu addım Azərbaycan işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır:

“Münaqişənin həlli və yaxud populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər”.

H.Hacıyev əlavə edib ki, Ermənistanın üzərinə düşən beynəlxalq, hüquqi və siyasi məsuliyyət ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır:

“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri dayandırmalıdır. Məhz bundan sonra Ermənistan iddia edə bilər ki, danışıqlar prosesində konstruktiv və səmimi şəkildə iştirak edirlər”.