Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan dünyasını dəyişib.

Vanyan oktyabrın 9-u Tbilisi xəstəxanalarının birinə yerləşdirilmişdi. O, həmin tarixdən 10 gün əvvəl koronavirusa yoluxduğundan Gürcüstanın paytaxtında özünütəcrid rejimində qalıb.

G. Vanyanın ağciyərlərinin ikisi də zərər görüb və onda xroniki pnevmoniya aşkar olunub. Vanyanın həmkarlarının sözlərinə görə, o, Tbilisidə tək olub və yanında kimsə olmayıb.

Qeyd etmək lazımdır ki, Georgi Vanyan son illər ərzində Noyemberyan rayonunda yaşayıb və taksi fəaliyyəti ilə məşğul olub. Belə ki, o, Ermənistandan Gürcüstana və Şimali Qafqaza sərnişin daşıyıb. 

Vanyan fəal olaraq öz həmyerlilərini azərbaycanlılar ilə barışığa çağırması ilə məşhur idi. Onun təsis etdiyi “Tekali prosesi” Gürcüstan, Ermənistan və Azərbaycandan olan ictimaiyyət nümayəndələrinin görüş və müzakirə yeri olub. Bununla yanaşı, o, Ermənistanda Xocalı Soyqırımını pisləyən ilk şəxs olub. 

Həmçinin G. Vanyan 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 29-u Nikol Paşinyana müraciət edib və onun başlatdığı müharibənin qətliam olduğunu deyib. 

“Cinayət xarakterli bu müharibəni dayandırmağa və Azərbaycan ilə birbaşa danışıqlar aparmağa çağırıram. Ermənistanın yalnız bir müttəfiqi var, o da Azərbaycandır”, – deyə Vanyan verdiyi müsahibələrinin birində demişdi.

İstinadlar Qafqazinfo