Baş nazir imzalanacaq sənədlərin hələ hazır olmadığını əsas gətirir

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, çox güman ki, 2019-cu ilin əvvəllərində baş tutacaq. Rusiya KİV-lərinin yaydığı məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib:

“Bilirsiniz ki, bizim razılaşmamıza görə, Vladimir Putin Ermənistana ya bu ilin sonlarında, ya da gələn ilin əvvəllərinə səfər edəcək. Sözün açığı, bu il Rusiya başçısı ilə ünsiyyətlərimiz olub və ilin sonuna kimi planlaşdırılır və düşünürəm ki, səfəri gələn ilin əvvəllərinə planlaşdırmaq doğru olar. O vaxta qədər sənədlər bazası yaradılacaq və səfər zamanı, ümidvaram ki, onları imzalayacağıq”.

Bununla birgə, o söhbətin hansı sənədlərdən getdiyini dəqiqləşdirməyib.

Daha öncə Paşinyan Rusiya prezidentini Ermənistana səfərə dəvət etdiyini bildirmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, səfər, yəqin ki, 2019-cu ildə baş tutacaq.