Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir.

Belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, “təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan çıxış edib.

Ermənistanda yayımlanan “5-ci kanal”a müsahibəsində o Qarabağ münaqişəsinin nizamlanmasına dair situasiyaya toxunaraq deyib: “Paşinyan Ermənistanı danışıqlara yox, müharibəyə aparır. O, Ermənistanı məhvə aparır. Mən bunu əsaslandıra bilərəm və əminliklə deyirəm: Paşinyan və onun hökuməti hələ dünəndən istefa verməliydi. Bundan sonra Nikol Paşinyanın hakimiyyətinə heç kim dözən deyil”.

Balasanyana görə Nikol Paşinyan özü 2008-ci ilin 1 mart hadisələrinə görə məsuliyyət daşıyır. Çünki Paşinyan tribunadan kütləni polisləri döyməyə, onların qalxan və dəbilqələrini ələ keçirməyə çağırırdı.

General Ermənistanın Xüsusi İstintaq Komitəsinin ona 1 mart hadisələri ilə bağlı göndərdiyi çağırış haqda da danışıb. Deyib ki, ifadə verməyə getməyəcək.

“Ola bilsin çoxları sosial şəbəkələrdə yazacaqlar ki, Balasanyan qorxaqlıq elədi. Lakin bu il mayın 19-da Milli Təhlükəsizlik Xidməti, polis, Xüsusi istintaq Xidməti, Baş prokurorluq tərəfindən mənə qarşı edilmiş qanunsuzluqdan sonra onlara inanmıram”,-Balasanyan deyib.

Oxumağa dəyər:   Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının iclası oldu - Fotolar

Xatırladaq ki, həmin gün Yerevanda Balasanyanın maşını xüsusi təyinatlılar tərəfindən saxlanılmışdı və silah axtarılmışdı.

Vitali Balasanyan habelə Paşinyanın 2016-cı ilin yayında Yerevanda post-patrul alayının binasını ələ keçirən “Sasna Tsrer” terrorçularının rəhbərləri ilə qapalı görüşü haqda danışıb. Deyib ki, “Sasna Tsrer” terrorçularının əli üç polis əməkdaşının qanına batıb, onlar terrorçudur.

“Dövlət baçısı dövlət binasında, hökumət iqamətgahında, rəsmi kabinetində terrorçu qruplaşmanın başçılarını qəbul edir. Hansı ki, onlar terror aktı törədiblər və qan töküblər”,-o deyib.

Balasanyan istisna etmir ki, yeni hakimiyyətin siyasi uğursuzluqları təcrübəsizliklə bağlı ola bilər. Lakin bu da onlara haqq qazandırmır.

“Bizdə heç nə bilməyən, bir az təcrübə keçib sonra rəhbərlik etmək istəyən hansısa adamlar üçün ölkə yoxdur. Belə adamlar gedib bağ-bostan sahəsində işləməli, orada pomidor, xiyar və qarğıdalı yetişdirməlidir”,-Balasanyan bildirib.

Xatırladaq ki, Balasanyan Qarabağda vəzifədə olanda da Paşinyana istehza edirdi, nəticədə Paşinyan onun vəzifədən uzaqlaşdırılması üçün qonarma rejimin rəhbərliyinə təzyiq göstərmişdi.

İstinadlar virtualaz