Papa Silvestr Stallonenin “Boksla məşğulsan?” sualına belə cavab verdi – Video

Məşhur ABŞ aktyoru və rejissoru Silvestr Stallone Vatikana səfəri zamanı katoliklərin ruhani lideri Papa Fransisklə görüşüb.
Papa Silvestr Stalloneni və ailəsini təkbətək qəbul edib.
Stallone onlara vaxt ayırdığı üçün Papaya təşəkkür edib.
Papa Stalloneyə səfərindən şərəf duyduğunu da bildirib və məşhur aktyora “Biz sizin filmlərinizlə böyümüşük” deyib.
Bunun üzərinə Stallone ona kino tarixinin kult filmlərindən olan və baş rolda oynadığı “Rokki”ni xatırladıb və yumruqlarını sıxaraq “Boksla məşğulsan?”, – deyə soruşub.
Papa Stalloneyə yumruqlarını göstərməklə cavab verib.
Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO

“Fransanın Ermənistana silah və hərbi texnika tədarükü regionda sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərəcək”.
Bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Fransanın bu məsələ isə bağlı açıqlamaları sırf populizmdir: “Bu, ilk növbədə təhlükəlidir, çünki NATO-nun üzvü olan Türkiyə Ermənistanla qonşudur. Çətin ki Fransanın bu addımı Türkiyənin xoşuna gəlsin”.
H.Həmidov vurğulayıb ki, Fransa artıq bir neçə ildir tamamilə açıq şəkildə birtərəfli ermənipərəst mövqe tutur, ona görə də Fransanın son bəyanatlarında təəccüblü heç nə yoxdur: “Fransa həm Avropa İttifaqında, həm də beynəlxalq aləmdə mövqeyini itirir. O, hələ də imperiya olduğunu göstərməyə çalışır, lakin bütün bunlar mənasızdır”.
Media direktoru hesab edir ki, Ermənistan Roma statutunu Fransa və ABŞ-ın diktəsi ilə ratifikasiya edib. Bu isə Ermənistanın Rusiya ilə qarşıdurmada Qərbin və Fransanın əlində vasitə olduğunu deməyə əsas verir.
“Xəzri-2023” birgə taktiki təlimi davam edir – Video

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.
Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib.
Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib.
Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Neftçalanın içməli su təchizatı yaxşılaşdırılır – Video

Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihənin birinci mərhələsi yekunlaşıb.
Bu “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Neftçala rayonunda icra olunan layihə çərçivəsində Pirəbbə, Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı, Boyat, Bala Surra, Qaraqaşlı, Şorkənd, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Yenikənd, Qırmızı Şəfəq, Mayak 1, Mayak 2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Qızqayıtlı, Dalğalı, Sarıqamış, Sahiloba kəndlərinin və Bankə qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb. Şirvan-Muğan qrup su kəmərindən 2020-ci və 2023-cü illərdə Neftçala rayonuna çəkilmiş 2 magistral su kəməri rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təminatı üçün əlverişli imkan yaradıb. Hazırda yeni yaradılmış infrastrukturdan 18 yaşayış məntəqəsinə çıxışlar verilib və daşıyıcı su xətləri çəkilib. Hazırda həmin kəndlərin su təchizatı ümumi istifadə üçün quraşdırılmış bulaqlar hesabına aparılır.
Eyni zamanda magistral kəmərlərdən uzaqlıqda yerləşən 9 yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün 5 ədəd subartezian quyusu qazılıb, quyu sularının keyfiyyətinin standartlar səviyyəsinə çatdırılması məqsədilə 6 ədəd əks osmos tipli qurğu quraşdırılıb. Layihə çərçivəsində Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 1700 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdılıb. Hazırda qəsəbə sakinləri keyfiyyətli içməli su ilə təmin olunur.
Ümumilikdə icra olunan layihələr çərçivəsində Neftçala rayonunun kənd və qəsəbələrində 90 km olan içməli su xətləri inşa edilib. Layihə çərçivəsində 30 minədək kənd sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilib.
Layihənin növbəti mərhələsində Neftçala rayonunun 11, eləcə də Salyan rayonunun 6 kəndinin içməli su təchizatının yaxşılaşdısrılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən yeni magistral su kəmıri inşa ediləcək. Artıq bu layihə üzrə tender proseduru yekunlaşıb və yaxın günlərdə tikinti işlərinə başlanılacaq.
Qeyd edək ki, layihə icra olunana qədər Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təchizatı Kür çayından və suvarma kanallarından götürülərən su hesabına aparılırdı. Yay aylarında Kür çayında su səviyyəsinin azalması və keyfiyyətinin pisləşməsi səbəbindən qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. Buna görə də modul qurğuların su təminatı sudaşıyan maşınlarla ödənilirdi.
Xatırladaq ki, hazırda Şirvan-Muğan qrup su kəmərindən Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərləri və 24 kənd keyfiyyətli içməli su ilə təmin olunur.
Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı – Video

Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb.
Bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2500 Amerika dolları müqabilində Azərbaycan Respublikasında əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.
Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Ümumilikdə, 2023-cü ilin sentyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 873 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 312 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2221 inzibati qərar qəbul edilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə – Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.
Mərasimdə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İlham Əliyevə maraqlı hədiyyə verib.
O, İlham Əliyevə kiçik ölçülü pilotsuz uçuş aparatının maketini hədiyyə edib. PUA üzərində İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın imzaları da yer alıb.
Həmin görüntüləri təqdim edirik:
Oksfordda güclü partlayış olub – VİDEO

Böyük Britaniyanın Oksfordşir qraflığının paytaxtı Oksfordda güclü partlayış olub.
Insident “Severn Trent Water” müəssisəsində baş verib.
Böyük yanğına ildırımın tullantı emalı zavodundakı qaz konteynerlərinə vurması səbəb olub.
Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib. İlkin məlumata görə, hadisədə zərər çəkən yoxdur.
Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin videogörüntüləri yayılıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, Azərbaycanın ilk şəhid qadın jurnalisti olan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən məhz bu kənd yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib.
Qarabağda mühəndis işləri aparılır – Video

“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir”.
Bu Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir”, – MN-in məlumatında bildirilib.
FHN metroda təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib.
Nazirlikdən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

“Real TV”nin rəhbəri Mir Şahin Ağayevin “Bizim yeni era” teleoçerki yayımlanıb.
Müəllif layihədə artıq başa çatan Qarabağ münaqişəsindən, 90-cı illərin əvvəllərində və ondan öncəki dövrdə Azərbaycan qarşı aparılan məkirli siyasətdən, ölkəmizin sonda ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən danışıb.
Eyni zamanda, “Bizim yeni era” teleoçerkində tarixi kadrlar da öz əksini tapıb.
Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi keçirilir.
Prezident İlham Əliyev Konqresdə çıxış edir.
Son bir həftədə… – Video

Azərbaycan Müdafiə Nazirliyi həftəlik icmalını (24.09.2023 – 01.10.2023) açıqlayıb.
“Qafqazinfo” icmalın videosunu təqdim edir:
Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.
Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.
Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO

Heydər Əliyev Mərkəzində aprelin 27-dən açılan “Salvador Dali. Sürrealizm mənəm” sərgisini indiyədək 10 mindən çox ziyarətçi izləyib.
Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alıb.
Oktyabrın 8-dək davam edəcək sərginin təşkil olunduğu məkanda ötən həftəsonu “Salvador Dalinin ilham pərisi” adlı rəqs tamaşasının premyerası keçirilib.
Tamaşa “Nine Senses” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təqdim olunur.
Dram janrında hazırlanan tamaşa müasir balet, qrafik texnologiya və musiqini özündə birləşdirərək sürrealizmin dahisi sayılan Salvador Dalinin əsərləri fonunda təqdim edilir. Əsər həm də Dalinin həyat yoldaşı Qalaya sonsuz sevgisini əks etdirir.
Təqdimatdan əvvəl tamaşaçılar məşhur ispaniyalı rəssam Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisi ilə tanış olublar.
Ziyarətçi Sayalı Baharın sözlərinə görə, Salvador Dali çox epataj sənətkardır: “20-ci əsrdə çox böyük inqilab edib. Heydər Əliyev Mərkəzində belə bir sərgi və tamaşada iştirak etdiyimə görə çox şadam”.
Rusiyanın Sankt-Peterburq şəhərindən olan ziyarətçi Leonid Yakovlev tədbiri çox bəyəndiyini deyib: “Çox qəribədir, amma Dalinin bəzi əsərlərində Azərbayacan incəsənəti ilə oxşarlıqlar sezdim. Məsələn, şəkillərdə Qobustan təsvirlərini gördüm. Sərginin keçirilməsi çox yaxşı oldu. Burada orijinal əsərlərə baxmaq mümkündür”.
Daha sonra tamaşa nümayiş olunub.
“Salvador Dalinin ilham pərisi” tamaşasının ideya müəllifi və xoreoqrafı Anna Verdedir.
Unikal layihədə Moskvada fəaliyyət göstərən teatrların aktyorları yer alıb: Eduard Axmetşin, Regina Axmetşina, Adeliya Qalimova, Yuliya Perepelitsa, Artyom Noçvin.
“Salvador Dali” obrazının ifaçısı Eduard Axmetşinin sözlərinə görə, tamaşanın hazırlıq prosesi çox çəkib: “Bu obrazı oynamaq üçün çox sayda sənədli filmə baxmışam. Təkcə çıxıb oynamaq üçün deyil, həm də daxili dünyasını yaşamaq və tanaşaçıya çatdırmaq üçün”.
Digər ziyarətçi Aytən Fətəliyeva tamaşanı çox bəyəndiyini bildirib: “Həqiqətən də əsərin içinə girdim, canlı izlədim. Emosiyalar çox canlı idi, aktyorlar peşəkar idi. İnşallah belə tədbirlər çox olar. Heydər Əliyev Mərkəzinin sərgilərini hər zaman bəyənirəm, bu da onlardan biri idi”.
Hüseyn Məmmədsalahov
Video: Pərvin Zeynal
Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntülərini yayıb.
“Report” həmin görüntüləri təqdim edir:
“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.
O, deputatla fotosunu Ramiz Rövşənin “Ayrılıq” şeiri ilə ifadə paylaşıb:
“Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.
Qeyd edək ki, Q. Paşayeva sentabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edib.
Həmçinin baxın
Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO
Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO
Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO
Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb
Qarabağda ermənilərin döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO
Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir – VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla