“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistemlərinə 150 milyon dollar investisiya qoymaq niyyətindədir.

Yaponiyanın elektronika istehsalçısı “Conductive Ventures II” vençur fondu çərçivəsində ayrılan vəsaitlərin bir hissəsini müxtəlif biznes sahələri, o cümlədən avtonom nəqliyyat, maliyyə, rəqəmli səhiyyə, gələcək əmək, kommersiya, istehsal texnologiyaları və s. sahələr üçün perspektivli proqram təminatı və avadanlıq tərtibatçılarına yatırmağı planlaşdırır.

Bildirilir ki, hazırda süni intellekt sahəsində “Google”, “Facebook”, “Yandex”, “Baidu”, “ABBYY”, “Cognitive Technologies” və digər şirkətlər aktiv fəaliyyət göstərir və tədqiqatlar aparırlar. Neyron şəbəkələrinin tətbiqi sahəsi müxtəlifdir: mətnin tanınması və insan danışığının başa düşülməsi, semantik axtarış, kompüter görmə qabiliyyəti, iritutumlu məlumat analitikası, robot texnikası, ekspert sistemləri, linqvistika və s.

Neyron şəbəkələr və süni intellekt sahəsində işləmələri “Intel”, “AMD”, “NVIDIA” və “Watson” superkompüterinin sahibi “IBM” kimi məşhur korporasiyalar da aparırlar. “ARM” şirkəti də bu növ texnologiyalara marağını gizlətmir.

Nizam Nuriyev

İstinadlar ict news