Rusiyanın Rostov şəhərində azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın bağlanmasından sonra vəziyyət gərgin olaraq qalır.

Bazarların bağlanması nəticəsində minlərlə sahibkar və işçilər işsiz qalıb. Onların arasında çoxsaylı Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

İşsiz qalan minlərlə insanla məhkəmə icraçıları arasında qarşıdurmalar yaşanıb. Belə ki, sahibkarlar onları içəri buraxmamağa qərar verib.

İş adamlarından biri məhkəmə icraçısının onun qollarını bükdüyünü və vurmaqla hədələdiyini bildirib. Digər ticarətçilər isə mallarına giriş icazələrinin verilməməsindən narazıdırlar.

Ticarətçilərin bəzilərinə alternativ yerlər təklif edillsə də, böyük əksəriyyət hara gedəcəyini bilmir. 

Xatırladaq ki, aprelin 28-i Rusiyanın güc strukturları Rostov vilayətinin Aksay rayonunda təxminən 3,5 min hüquq-mühafizə əməkdaşının iştirakı ilə azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Kərim Babayevə məxsus “Atlant”, “Klassik”, “Almaz” və “Ovoşnoy” bazarlarında ən az 460 qanunsuz miqrant saxlanılıb. Saxlanılanların Əfqanıstan, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları olduqları bildirilib.

Əməliyyat Kərim Babayevin 20 il əvvəl təşkil etdiyi cinayətkar qruplaşmada iştirak etmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən və aprelin ortalarında saxlanılan Aksay rayon administrasiyasının rəhbəri Vitali Borzenkonun işi ilə əlaqədar olub.

Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da, qalanları barədə cinayət işi başlanılıb.

Bu hadisələrdən sonra Kərim Babayevin Türkiyə üzərindən Azərbaycana qaçdığı deyilir.

İstinadlar Qafqazinfo