İngiltərə “Arsenal”ının futbolçusu Məsut Özil və Sead Kolaşinatsa silahlı hücum edən şəxslərdən biri ağır cəza alıb.

Bu barədə “Mirror” məlumat yayıb. Məhkəmənin qərarına əsasən 30 yaşlı Eşli Smit hücumda iştirak etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Smit 26 yaşlı Cordan Notoverlə Londonda hər iki futbolçuya hücum edib. Hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi “Mercedes” markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı “Likya” restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib. Hər iki şəxs aparılan axtarışlardan sonra saxlanılıb.

İstinadlar Report