Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşüb, üç nəfər ölüb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidməti (YHTX) teleqramda bildirib.
“Qaşqadərya vilayətinin Kitab rayonu ərazisindən keçən Kitab – Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1 138-ci kilometrində “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qeyri-sabit qaya parçasının altında qalaraq əzilmişdir”, – məlumatda qeyd olunub.
Qəza zamanı nəqliyyat vasitəsinin salonunda olan üç nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.