Ötən sutka 3 azyaşlı xilas edilib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Şəhid atasının istəyi qış gəlmədən həll edildi – Video

Oğuz rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Nurəliyevin atası SOCAR-ın “Azəriqaz” İB-yə müraciət ünvanlayıb.
Rövşən Nurəliyev müraciətində fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.
Ətraflı:
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlayıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Sədərək ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində təlim keçirilib.
Təlimin məqsədi yanğın texnikalarının “şərti yanğın” həyəcan siqnalı ilə obyektlərə, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi, eyni zamanda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarının, orada işləyən şəxslərin maarifləndirilməsi olub.
Təlim zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin və ticarət mərkəzinin aidiyyəti yanğın avtomobilləri “şərti” yanğın yerinə yaxınlaşa bilməyiblər. Buna səbəb isə ticarət sıralarının keçid yollarında qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması, obyektlərin giriş hissələrində satış üçün nəzərdə tutulmuş malların yerləşdirilməsi olub.
Həmçinin, təlim zamanı ticarət mərkəzində qəza-işıqlandırma sisteminin olmadığı, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, daxili yanğın su kranlarının önünün ticarət malları ilə tutulduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, ərazidə saxlanılan avtomobillər arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi müəyyən edilib. Eyni zamanda, məlum olub ki, mərkəzdə qeyri-standart elektrik və qaz avadanlıqlarının satışı aparılır, ticarət cərgələrinin giriş sahələri odadavamlılığı məlum olmayan materialla (alkopon üzlüklə) üzlənib, anbarlarda normadan artıq mallar yığılıb, ərazidə fəaliyyət göstərən kafelərdə propan qaz balonlarından istifadə olunur, tələb olunan sahələrdə ildırımötürücü qurğular quraşdırılmayıb, iaşə və müxtəlif təyinatlı obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə məlumatlar ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin diqqətinə çatdırılıb.
FHN əməkdaşları tərəfindən, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Sonda sahibkarlara Xidmət tərəfindən yanğın təhlükəsizliyi haqqında hazırlanmış çap məhsulları təqdim olunub.
Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Son günlər mətbuatda bəzi həkimlərin sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi ilə bağlı məlumatlar paylaşılır. Bildirilir ki, sertifikasiya müddəti bitsə də, bir sıra həkimlər tibb müəssisələrində, xüsusən, özəl klinikalarda çalışır, xəstə qəbulu həyata keçirir və əməliyyatlar edirlər.
REAL TV mövzu ilə bağlı süjet hazırlayıb. Videomaterialda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Lakin təəssüf ki, dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, bu problemlə bağlı davamlı olaraq monitorinqlər aparılır. Belə hallar həmin həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Lakin bununla belə hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir: “Biz vətəndaşların sağlamlığı ilə bağlı məsuliyyət daşıdığımıza görə, hər bir həkim özlüyündə bilir ki, sertifikatsız çalışmaq risk faktorudur. Bu həmçinin orta tibb işçiləri üçün də keçərlidir. Qaydalara əsasən, xaricdə təhsil almış mütəxəssislərin də ixtisasını təsdiq etmək üçün müvafiq prosedurlardan keçməsi vacibdir. Əks halda, biz kifayət qədər yetərli tibbi təhsili olub-olmadığını müəyyən edə bilmədiyimiz, özünü müxtəlif istiqamətdə mütəxəssis kimi təqdim edən şəxslərlə üz-üzə qala bilərik”.
2015-ci ildən sertifikasiyadankənar fəaliyyət göstəridiyi iddia olunan həkimlərdən biri – “Məlhəm” Klinikasında çalışan cərrah-oftalmoloq Aytən Sultanovadır. Onun sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçdiyi və bu müddətin 2020-ci ildə bitdiyi qeyd olunur. Həkimin sözügedən müddət də daxil olmaqla, müayinə və əməliyyatlar etdiyinə dair videolar sosial hesablarından mütəmadi olaraq paylaşılır.
A.Sultanova televiziyaya açıqlamasında sertifikasiyadan keçmədiyini təsdiqləyib. Lakin həkim bunu hazırda əməliyyat etməməsi, inzibati vəzifə tutması ilə əlaqələndirib: “2017-ci ildən inzibati vəzifədəyəm. Mən çalışdığım klinikada oftalmologiya bölməsinin rəhbəri yox, icraçı direktor müavini gedirəm. Hazırda əməliyyatlar həyata keçirmirəm. Nə vaxt qərara gəlsəm ki, əməliyyatları davam edim, müraciət edib sertifikasiyadan keçəcəyəm”.
Lakin araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, həkimin sosial şəbəkələrdəki paylaşımlarından sertifikasiya müddətinin bitməsindən sonra praktik fəaliyyətlə məşğul olmadığını söyləməsi həqiqətə uyğun deyil. Məsələn, 2023-cü ildə paylaşılmış bu postlarda həkimin Eksimer lazer əməliyyatı kampaniyalarından bəhs edilir və A.Sultanova həftənin 1-5-ci günləri qəbul günlərinin olduğunu yazır:
Hazırda da bəzi fotolara yazılan şərhlər, o cümlədən bəzi videolar həkimin praktik fəaliyyətlə məşğul olduğunu sübut edir.
Qeyd edək ki, qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlərin praktik tibb və əczaçılıqla məşğul olunması faktı aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilməlidir.
Qanunsuz tikililər söküldü – Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.
Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.
Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən televiziyaya münasibət bildirilib. Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:
“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.
Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.
Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.
Daha ətraflı videosüjetdə:
Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

FHN sosial şəbəkə səhifələrində Bakıda inşa edilən binada standartlara cavab verməyən materiallardan istifadə ilə bağlı iddialara cavab verib.
Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olması ilə bağlı iddialar təsdiqini tapmayıb:
“Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir”.
Həmçinin qeyd edilib ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayaraq yaydığını etiraf edib.
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

“Mən üç il Prezident Heydər Əliyevlə bütün səfərlərə getdim. Hamısını da yazırdım, 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevlə bağlı qeydlər apardığım 60 dəftərim var”.
Bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə REAL TV-yə müsahibəsində deyib.
Səfərlərdə ziyafət olanda, menyunu da götürüb gəlirdim. Tarix insitutunda işləyəndə bizi öyrətmişdilər ki, cızma-qara edilən kağızı da atmayın, bu, böyük tarixdir. Onların hamısını arxivə vermişəm. Özüm qeydlər apardığım dəftlər isə məndədir”.
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Veriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.
Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:
“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub. 1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.
Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:
“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.
Sənədsiz tikililər söküldü – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.
Bakıda “07” yandı – Video

Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verib.
Bu Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2107” markalı 77-GD-429 dövlət qeydiyyat nişanlı minik avtomibilində yanğın baş verməsi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.
Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.
Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq.
Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir.
Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından kdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.
Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:
“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.
DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.
Videoçarxda insanların dələduzların qurbanı olmaması üçün kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməməsi bildirilib.
Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər.
Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.
Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. Ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.
Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Həmçinin baxın
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO
Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla