“IDC” analitik şirkəti hesabat dərc edərək 2018-ci ildə dünyada mobil texnologiyalar, o cümlədən müvafiq avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 1,6 trilyon dolları üstələməsini açıqlayıb. 2021-ci ilədək isə satış həcminin 1,7 trilyon dolları ötəcəyi proqnozlaşdırılır.

Mobil xidmətlər seqmentinin bazar payı 60 faizə bərabərdir. Onun 90 faizinin rabitə xidmətlərinin payına düşməsinə baxmayaraq mobil strategiya, əlavə və qurğuların planlaşdırılması, həyata keçirilməsi, istismarı və dəstəyi üçün nəzərdə tutulan korporativ mobil xidmətlər seqmenti də sürətlə artır.

Böyüklüyünə görə ikinci bazar seqmenti avadanlıqlar seqmentidir. 2021-ci ilədək dünyada mobil avadanlıqların satış həcminin 675 milyard dollaradək yüksələcəyi gözlənilir ki, bunun da 75 faizi smartfonların payına düşəcək.

Proqram seqmentinin həcmi əvvəlki iki seqmentlə müqayisədə kiçik olsa da, hamıdan sürətlə artır – ildə orta hesabla 14,7 faiz. Burada ən çox paya 2021-ci ilədək satış həcmi 7,1 milyard dollaradək artacaq korporativ mobil əlavələr sahibdir.

Oxumağa dəyər:   "NVIDIA" və "AutoX" şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

Dünyada mobil texnologiyaların satış həcminin 70 faizi istehlak seqmentinin payına düşür. Lakin onun illik artımı artıq 2019-cu ildə 1 faiz azala bilər.

2018-ci ildə mobil texnologiyaların alışı üzrə sahələr arasında peşə xidmətləri (54 milyard dollar), bank sahəsi (43 milyard dollar), diskret istehsal (38 milyard dollar) və ticarət (32 milyard dollar) liderlik edəcək.

Nizam Nuriyev

İstinadlar ict news